30 May 14:25
14 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin dövlət büdcəsinin dürüstləşməsində daha çox vəsaitin ayrıldığı istiqamətlər işğaldan azad edilmiş ərazilərin bərpası və ölkəmizin müdafiə qabiliyyətinin yüksəlməsidir. İqtisadi fəaliyyət və işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına 2 milyard 114 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Bunu Teleqraf.com-a İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, ölkəmizin müdafiə qabiliyyətinin artırılması üçün əlavə 705 milyon manat vəsaitin ayrılması artıq qərarlaşdırılıb:

“O cümlədən, bir sıra istiqamətlərə də əlavə vəsaitin ayrılması gözlənilir. Bu xüsusda kənd təsərrüfatına 100 milyon manat əlavə vəsait ayrılacaq. Sosial müdafiə və sosial təminat xərclərində də dəyişiklik olacaq. Dövlət Sosial Müdafiə Fondunun xərclərində 30 milyon manat artım var. Bunun 25 milyon manatı əmək pensiyalarının verilməsinə, 5 milyon manat isə DSMF-nin saxlanma xərclərinə yönəldiləcək”.

Deputat bildirib ki, bütün bunların kontekstində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər noyabrın 1-ə qədər hazırlanıb təqdim ediləcək:

“Daha sonra müzakirələrlə bu istiqamətdə addımların atılması reallaşacaq. Hələlik isə bu istiqamətdə olan müzakirələr və təkliflərin hazırlanmasının noyabrın 1-də yekunlaşacağı gözlənilir”.

Vüqar Bayramova görə, əsas gözləntilər minimum əməkhaqqı ilə bağlı artımların iki rəqəmli olacağı ilə bağlıdır:

“Çünki bu zaman mövcud infilyasiya səviyyəsi və eləcə də nominal orta aylıq əməkhaqqındakı artım faizləri nəzərə alınacaq. Buna uyğun olaraq qərarın verilməsi və iki rəqəmli artımın təqdim ediləcəyi gözlənilir. Bununla bağlı fəal müzakirələr gedir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər