30 May 17:05
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında növbəti delimitasiya prosesinin Dərələyəz istiqamətində başlaması ilə bağlı fikirlər səslənir. Qazaxın anklav olmayan 4 kəndinin təhvil verilməsinə görə, Ermənistan cəmiyyətində radikal qüvvələr vay-şüvən salır. Buna görə baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Deyirlər ki, bu əməliyyatda Azərbaycan qazanıb, Ermənistan isə itirib.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, bu səbəblərə görə, sərhədlərin mübahisəsi az olan yerində böyük bir hissə sürətlə delimitasiya və demarkasiya edilsə, bu, Paşinyana əlavə dəlil verəcək:

“O, bununla erməni xalqına demək istəyir ki, görürsünüz, proses sürətlə gedir. Bu minvalla qısa müddətdə bütünlüklə Ermənistan-Azərbaycan arasında sərhədlər delimitasiya olunacaq. Beləliklə, tarixdə ilk dəfə olaraq Ermənistan beynəlxalq hüquqda təsbit edilmiş dövlət sərhədlərinə malik olacaq. Mahiyyət məhz bundan ibarətdir”.

Politoloq sülh müstəvisində hər iki tərəfdən verilən müsbət proqnozlara da münasibət bildirib:

“Azərbaycan və Ermənistanın gerçək nəticələr gətirən işlə məşğul olması onu göstərir ki, hər iki tərəf, qarşıdurma və müharibədən doyub. İndi heç bir tərəf qırğın, ölüm-itim istəmir. Heç bir ölkə istəmir ki, münaqişədən istifadə edib xarici qüvvələr bölgəyə təsir etsin. Beləliklə, Azərbaycanla Ermənistan öz arasında bütün məsələləri həll etmək niyyətini ortaya qoyur. Sözsüz ki, bu yanaşma xarici qüvvələri əsəbləşdirir, qıcıqlandırır. Həmin qüvələr Ermənistan daxilindəki qruplardan istifadə edib vəziyyəti dəyişmək istəyirlər. Amma bu da alınmır”.

Zərdüşt Əlizadə ümumiyyətlə Cənubi Qafqazda hazırda mürəkkəb hadisələrin cərəyan etdiyinə işarə edib:

“Gürcüstanda baş verənlər göz önündədir. Gürcü xalqının hansı qərarı verib-verməyəcəyi onların daxili işidir. Amma Rusiyanın və Qərbin məkirli ikiüzlü hiyləgər siyasəti müşahidə edilir. Ukrayna və bölgə ilə bağlı yanaşmalarda bu hal görünür”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər