Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4 kəndin təhvil verilməsindən sonra Ermənistan daxilində revanşistlər və kilsənin təhriki ilə müəyyən narazılıqlar oldu. Amma bunlar əsassızdır. Çünki Azərbaycana məxsus tarixi torpaqların hamısı geri qaytarılmalıdır. Hazırda Qazaxın həmin kəndləri ətrafında da dəqiqləşmə işləri gedir. Bu həftə, ya da növbəti həftə Ermənistan tərəfi addımlar atmalıdır. Çünki Azərbaycanın tələbi odur ki, onlar qısa zamanda Qazaxın 3 kəndi ilə bağlı da müəyyən işlər görsün.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib
O qeyd edib ki, delimitasiya prosesi həmin kəndlərin ətrafında aparılmalıdır:
“Erməni tərəfinin guya Azərbaycanın onlardan hansısa əlavə ərazilər istəməsi ilə bağlı yaydığı informasiyalar həqiqətə uyğun deyil. Ermənistan 90-cı illərdə və sonrakı dönəmdə işğal etdiyi Azərbaycan ərazilərində mövqelər qurub. Həmin mövqelər delimitasiya prosesində Azərbaycana təhvil verilməlidir”.
Polkovnik hesab edir ki, hazırda Ermənistan tərəfindən qaldırılan hay-küy də bu amillərlə bağlıdır:
“Azərbaycan üçün bunun heç bir təsiri olmayacaq Bakı iyul ayının ortalarına qədər Ermənistandan Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlı prosesləri yekunlaşdırmağı tələb edib. Sözsüz ki, Qazaxın həmin kəndləri və onun ətrafında olan yerlərin strateji əhəmiyyəti böyükdür. Qazax, Tovuz, Ağstafa istiqamətində vacib təhlükəsizlik tədbirləri hər zaman prioritet olub. Ona görə də, hazırda bu istiqamətdə müvafiq orqanlar tərəfindən zəruri işlər görülür”.
Üzeyir Cəfərova görə, söhbət qərb rayonlarının etibarlı müdafiəsindən gedir:
“Ermənilər və onların havadarlarının 90-cı illərdə həmin istiqamətdə hücum edəndə başqa məqsədləri var idi. Növbəti mərhələdə Gəncə və Yevlax istiqamətində də bəzi planlar qurmuşdular. Bu istiqamətdə Azərbaycan tərəfinin hazırda atmış olduğu addımlar məhz qarşıya qoyulan məqsədlərə xidmət edir”.