4 İyun 09:05
7 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, son delimitasiya və demarkasiya prosesinin ardınca Azərbaycan və Ermənistan tərəfindən sülhlə bağlı müsbət mesajlar səslənir. Sərhədlərin dəqiqləşməsinin uzun bir proses olduğunu nəzərə alsaq, sülh müqaviləsi ilə bağlı tərəflərin siyasi mövqeyi necə ola bilər?

- Hazırda daha çox aktuallıq kəsb edən məsələ Qərbi Zəngəzur məsələsidir. Eyni zamanda Zəngəzur dəhlizi məsələsi var. Bunun ətrafında dəqiqləşmələr aparılmalıdır ki, dəhlizin açılmasında hər hansı problem yaranmasın. Bununla yanaşı hələ də Ermənistanın işğalında qalan 4 kəndimiz var. Qazaxın 3, Naxçıvanın 1 kəndi də azad edilməlidir. Bu məsələ də Ermənistan tərəfindən təmin olunmalıdır. Həmin kəndlər Azərbaycana təhvil verilməli və bu istiqamətdə olan məsələlərə aydınlıq gətirilməlidir. Çünki bu kəndlərin məsələsi də qapalı qala bilməz.

- Sizcə, anklavlarla bağlı məsələnin qısa zamanda həlli nə dərəcədə real görünür?

- Anklavlarla bağlı sözsüz ki, fərqli yanaşmalar mövcuddur. Burada Azərbaycan ətrafında da müəyən fikirlər eşidilir. Qaranlıq qalan bütün məsələlər araşdırılmalı və üz-üzə gətirilməlidir. Sözsüz ki, bu cür yanaşmalar elə də qəbul edilən hal deyil. Çünki Ermənistan ərazisində Azərbaycanın hər hansı anklavı ola bilməz.

- Burada hansı reallıq əsas götürülür? Tarixi faktorlarla məsələnin həllinə necə nail olmaq olar?

- Ermənistan bir dövlət kimi tarixi Azərbaycan ərazilərində formalaşıb. Həmin anklavlar və onların ayrıcı xəttləri isə vaxtilə sovet imperiyasının qərarları və siyasi konnektura ilə Ermənistana verilib. Ona görə də, həmin tarixi torpaqlar reallığa uyğun olaraq Azərbaycana qaytarılmalıdır. Beləlilə, həmin 4 anklav kəndin taleyi həll olunmuş olacaq.

- Zəngəzur dəhlizinin açılması ilə bağlı indiki siyasi reallıq nədən ibarətdir? Dəhlizin yaradacağı mühüm faktoru nəzərə alsaq, burada kənar təsirlərin rolu haqqında nə demək olar?

- Dəhlizin açılması indiki reallıqda daha vacibdir. Bu, Azərbaycanın və Ermənistanın maraqlarına uyğundur. Eyni zamanda bu, Orta Dəhliz konsepsiyasının ciddi bir hissəsidir. Burada beynəlxalq güclərin də maraqları var. Sözsüz ki, dəhlizin açılmasına maneə olmaq istəyənlər də az deyil.

- Sərhədlərin Dərələyəz, Zəngəzur istiqamətində dəqiqləşmələr əsasında aparılması ehtimalını necə dəyərləndirirsiniz?

- Bu istiqamətdə kifayət qədər hüquqi və tarixi baxımından mübahisələr olsa da dəqiqləşmələrin aparılması mümkündür. Çünki Zəngəzur keçmiş sovet imperiyası tərəfindən Ermənistana güzəştə gedilən Azərbaycanın tarixi torpağıdır.

- Bu məsələnin həlli üçün hansı tarixi faktlar masaya qoyula bilər?

- Beynəlxalq səviyyədə tanınan 1920-ci ilin yanvarın 11-də Paris Sülh Konfransı tərəfindən tanınan Azərbaycan sərhədləri var. Zəngəzur da həmin xəritələrdə Azərbaycan sərhədləri çərçivəsində de-fakto əksini tapıb. Eyni zamanda Azərbaycan Xalq Cumhuriyyətinin qanuni sərhədləri Azərbaycan Resbulikasının qanuni sərhədləri kimi qəbul edilməlidir. Keçmiş sovet Rusiyasına qədər olan Azərbaycanın tarixi torpaqları Zəngəzuru da əhatə edib. Çünki məhz 1930-cu illərə qədər Azərbaycanın Zəngəzur bölgəsi hissə-hissə qopardılaraq Ermənistana verilib. Ona görə də, burada sərhəd dəqiqləşmələri zamanı kifayət qədər mübahisəli məqamlar olacaq. Bunun hansı şəkildə həlli olduqca mürəkkəb görünən məsələlər sırasındadır. Amma bütün bunlara baxmayaraq Zəngəzur dəhlizinin açılması kontekstində bu istiqamətdə sərhəd dəqiqləşmələri aparıla bilər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər