4 İyun 10:33
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan tarixinin ən biabırçı və utancverici təqvimlərindən birinin növbəti ildönümüdür. 1993-cü ilin 4 iyun tarixində Gəncədə hərbi qiyam baş verdi. Polkovnik Surət Hüseynov və komandiri olduğu 709 saylı hərbi hissə dövlətə tabe olmadı. Qiyama qalxdı. Verilən əmrlər, göstərişlər heçə sayılaraq itaətsizlik göstərildi.

S.Hüseynov Rusiyaya bağlı fiqur olub. O, Rusiyanın (SSRİ-nin) Gəncədə yerləşmiş 104-cü hava-desant diviziyasının komandiri general Valeri Şerbakla intensiv əlaqədə idi. S.Hüseynovun əlaqələri o vaxtkı Rusiya hərbi elitasına aid başqa şəxslərlə də vardı. Özü bu haqda müsahibələrinin birində etiraf etmişdi. Amma guya Şerbakla görüşə keçmiş müdafiə naziri Rəhim Qazıyevin təşəbbüsü ilə gedibmiş. O vaxtkı hadisələrdən xəbərdar olanlar yaxşı bilir ki, Surətlə Şerbakın əlaqələri sistemli hal alıb və onu Azərbaycan dövlətinə qarşı qaldıran da Rusiya kəşfiyyatı olub.

Ruslar Surəti hakimiyyətə gətirmək adı ilə ölkədə qarışıqlıq yaratmağa çalışırdılar. Ona verilən sözlər qiyamçı polkovniki özündən çıxarmışdı. Bunun üçün də nəzarətindəki hərbi hissəni dövlətə qarşı qiyama qaldırmışdı. Prezidentin, parlament sədrinin, güc nazirlərinin istefasını tələb edirdi. Ultimatum göndərmişdi ki, Ali Sovetin sessiyası çağırılsın.

Bakıdan Gəncəyə göndərilən bir qrup dövlət adamı da məhz S.Hüseynovun göstərişi ilə girov götürüldü. Təsəvvür edin, hadisələri öyrənmək, itaətsizliyin qarşısını almaq, qiyamı dayandırmaq, dövlət orqanlarının fəaliyyətini bərpa etmək üçün Prezidentin göndərdiyi yüksək rütbəli məmurlar heç bir müqavimət göstərilmədən dövlətin rəsmi idarəsində qiyamçıların əlinə keçir. Bununla da hadisələrin yönü, mahiyyəti dəyişir. S.Hüseynov bundan sonra Bakıya ard-arda ağır şərtlər göndərməyə başlayır. Prezidenti hədələyir, onu istefaya səsləyirdi.

S.Hüseynovun girov götürdüyü dövlət adamlarının yadda qalan siyahısı belə olub:

1.Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Sülhəddin Əkbərov
2.Daxili işlər nazirinin müavini Qabil Məmmədov
3.Kənd təsərrüfatı naziri Tofiq Hüseynov
4.Baş prokuror İxtiyar Şirin. Ona girovluqda Prezident Elçibəyin həbsinə dair order imzalatmışdılar.
5.Daxili Qoşunların komandanı Fəhmin Hacıyev. Sonradan hansısa yolla girovluqdan qaçmağı bacardı.

6.Bələdiyyə polisinin rəisi Mehdi Mehdiyev

7.Üçüncü Korpus komandiri İsa Sadıqov

Surət hələ ilk dəfə qiyama 1993-cü ilin fevral ayında əl atmışdı. Elçibəy hökumətinin ilk yanlışı qiyamçılarla düzgün rəftar edə bilməməsi oldu. Mərhum prezident Əbülfəz Elçibəy Surət Hüseynovun Bakıya çağırdı, onunla saatlarla danışıq apardı, şərtlərini qəbul etdi, yüksək vəzifəyə – Yun Şirkətinin prezidenti təyin etdi. Bununla da Surəti dəstəkləyən yerli və xarici qüvvələrin əl-ayağı açıldı. Dövlətə qəsd planı daha geniş miqyas aldı.

İkinci bağışlanmaz səhv 1993-cü ilin iyun ayının əvvəlində yüksək rütbəli məmurları Gəncəyə göndərib, onları qiyamçıların qucağına atmaq oldu. Yuxarıda adlarını sadaladığımız dövlət adamları Surətin əlinə keçəndən sonra Bakının manevr imkanları tükəndi. Şərtləri artıq qiyamçılar irəli sürdülər.

Bu səhvlər Azərbaycanın 30 illik taleyini bəlli etdi. Məhz Surətin, tərəfdarlarının xəyanəti, Elçibəy iqtidarının qətiyyətsizliyi, dövlətin başında dayanan şəxslərin qorxaqlığı Qarabağın işğalına, milyona yaxın soydaşımızın qaçqına, didərginə çevrilməsinə, Azərbaycanın 10 illərlə geri düşməsinə gətirib çıxardı.

Əbülfəz Elçibəy Heydər Əliyevi iqtidara çağırmasa idi, o vaxt Azərbaycanı bir neçə yerə bölüb, tamamilə məhv edəcəkdilər. Bunun alt yapısı çoxdan hazırlanmışdı. Cənubda “Talış Muğan Respublikası” adında qondarma rejim, şimalda “Sadval” təşkilatı fəallaşdırılmışdı. Qarabağ ermənilər, qərb bölgəsində Surətin qiyamçıları əllərində silah dövlətin və millətin üstünə yeriyirdi. Təsəvvür edin, yenicə qurulmuş müstəqil dövlət belə bir vəziyyətdən necə çıxa bilərdi? Ə.Elçibəy yol verdiyi yanlışları məhz H.Əliyevi Bakıya dəvət etməklə aradan qaldırdı. Bu addıma getməsə idi, proseslər daha dəhşətli yön alardı.

İyun ayının 17-dən 18-nə keçən gecə Ə.Elçibəyin Bakını gizli şəkildə tərk edərək, Naxçıvana, oradan da Ordubadın Kələki kəndinə getməsi vəziyyəti daha da kəskinləşdirdi. Bu addım Azərbaycan cəmiyyətində lider, prezident, rəhbər, dövlət obrazını darmadağın etdi. Elçibəyin ardından onun komanda üzvləri də vəzifələrini və Bakını tərk etdi. Rusiyaya qaçana kim, Türkiyəyə sığınan kim. “Bəy məni çağırıb” bəhanəsi ilə Kələkiyə qaçan da nə qədər desən, vardı.

Nəhayət, AXC iqtidarının növbəti dəhşətli səhvi Heydər Əliyevi qiyamçılarla və keçmiş partokratlarla baş-başa buraxıb vəzifələrini dondurmaq oldu. Arxiv videolarından görünür, mərhum prezident Heydər Əliyev israrla cəbhəçi məmurlara deyir, “vəzifələrinizi dondurmayın, qalın, davam edin, ölkəni düşdüyü ağır vəziyyətdən çıxaraq”. Amma qarşı tərəf bu çağırışı dinləmir.

Bu azmış kimi, bir müddət sonra dedilər ki, Heydər Əliyev hakimiyyətə qiyam yolu ilə gəldi. Təsəvvür edin, arxasınca təyyarə göndərdikləri, vəzifəyə çağırdıqları, dövlətin ikinci postunu verdikləri Heydər Əliyevə şər atdılar, dedilər, qiyam yolu ilə iqtidara sahibləndi. Ardınca da onun hakimiyyətinin legitimliyini tanımaqdan imtina etdilər. Dedilər “o, dövlətin başçısıdır, amma prezident kimi qəbul etmirik”. Dünya tarixində belə qeyri-ciddi, tragikomik bir siyasi olaya rast gəlinməsi şəxsən mənə bəlli deyil.

Bu da başqa bir faciəvi səhv oldu. Bu qərəzli yanaşma illərlə Azərbaycanda iqtidar-müxalifət münaisibətlərinin formalaşmasına maneçilik törətdi. Sivil siyasi münasibətlərin yaranmasının qarşısını aldı. O yaralar hələ də sağalmır.

Bu dikbaş, mənasız iddialarla yaşayan siyasətçilər Azərbaycan siyasi mühitini yetərincə toksikləşdirdilər. Mənasız hikkələri ilə 30 il ölkəyə ziyan vurdular. Axırda da “avtobus müxalifəti” deyib lağa qoyduqları partiyalarla eyni masada əyləşdirildilər. Dövlət və tarix onlara yerlərini elə bir göstərdi ki… Bir mandat sözünə, 5-10 manatlıq “paket” vəzidə sözlərini yedilər, mövqelərini dəyişdilər.

İndi nə Surət Hüseynov var, nə başqa qiyamçılar. Qiyama siyasi-ideoloji dəstək verənlər də yoxdur. Baxmayaraq ki, əksəriyyəti hələ də yaşayır. Fəqət yox kimidirlər.

Qiyamı Surət başlatdı, siyasi düşmənçiliyi bunlar davam etdirdi. Təsəvvür edin, Azərbaycan 44 günlük Vətən müharibəsi aparır, torpaqlar işğaldan azad edilir, Ordumuz irəliləyir, Azərbaycan bütövləşir, bəzilərinin ata-babalarının qəbirləri olan torpaqlar erməni tapdağından azad edilir, bunlar yenə də kin, nifrət qusurdu. İlham Əliyevi qələbə münasibəti ilə təbrik etməyə dilləri dönmürdü.

2023-cü ilin 19-20 sentyabr anti-terror əməliyyatları erməni separatizmi kimi bunları da siyasi-ideoloji baxımdan darmadağın edib. Rusiya qoşunlarının Azərbaycanı tərk etməsi, Qazaxın kəndlərinin bir güllə atılmadan işğaldan azad edilməsi isə sonlarını gətirdi. Demaqoji etməyə bir şey qalmayıb.

Mən bu nəsil siyasətçilərə Surət Hüseynovun və onun hərbi qiyamının yadigarları kimi baxıram. Sonuncu olsun… (globalinfo.az)

Azər Ayxan


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər