"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Bu günlərdə açıqlandı ki, Rusiyanın Cənubi Qafqazdakı ambisiyalarının əsas hissəsi İrana quru nəqliyyat marşrutlarını bərpa etməkdir. Söhbət ən cəlbedici marşrut olan Zəngəzur dəhlizindən gedir. Beləliklə, Ermənistanın cənubundan keçməklə Azərbaycan, İran və Türkiyəni birləşdirən, Naxçıvana quru əlaqəni yaradan xətt formalaşır...
- Zəngəzur dəhlizinin açılması mütləqdir. Bu, tarixi bir gerçəklikdir. Ermənistanın bunu istəyib-istəməməsindən asılı olmayaraq bu baş verəcək. Sadəcə olaraq hazırda bu yol üzərində ciddi şəkildə problemlər var. Bu problemlər 1918-1920-ci illərdə ABŞ, Rusiya, İngiltərə, İran arasında da mövcud olub. İndi də həmin ölkələr arasında rəqabət gedir. Ona görə də, Azərbaycan və Ermənistan öz xarici siyasətində, Zəngəzura yanaşmalarında bu reallıqları da nəzərə alır. Çünki geosiyasi qüvvələrin burada hansı maraqlarının olması hər kəsə məlumdur. Bu kontekstdə Azərbaycan tərəfi hələlik böyük səbrlə məsələlərə yanaşır. Hansı geosiyasi aktor daha adekvat addımlar atacaqsa, onlarla birlikdə bu və ya digər şəkildə xəttlər üzərində Azərbaycan öz idarəetməsini yaxın gələcəkdə həyata keçirəcək.
- Bu halda 2024-cü il həm də kommunikasiya və birləşdirici xətlərin açılması kimi tarixə düşə bilərmi? Regionda və qlobal miqyasda baş verənlər burada nə dərəcədə təsirli görünür?
- Yaxın 6 ay ərzində sözsüz ki, heç bir kommunikasiya xəttinin açılması real görünmür. Ona görə ki, bu ilin noyabr ayında Bakıda COP29 tədbiri keçiriləcək. Azərbaycanla Ermənistan arasında isə sülh danışıqları davam etməkdədir. Belə bir kontekstdə dəhliz və yolun açılması ilə bağlı məsələ hələlik ikinci dərəcəli olacaq. Nəzər alaq ki, ABŞ-da prezident seçkiləri olacaq. Rusiya-Ukrayna arasında da müharibə davam edir. 2025-ci ildən başlayaraq yaxın 5 ildə bu yolun artıq kimin əlində olacağı, dəhlizin açılması ilə bağlı ciddi şəkildə beynəlxalq dairələr də hərəkətə keçəcək.
- Bir çox hallarda dəhliz və ya yol anlayışı əsasında Zəngəzurdan keçəcək xəttlə bağlı müxtəlif yanaşmalar səslənir. Bu hansı məntiqə əsaslanır?
- Zəngəzurun dəhliz, yol və yaxud coğrafi məkan olduğu nəzərə alınmalıdır. Ermənistan müxalifətinin atdığı addımlar, onların Nikol Paşinyanı devirmək istəyi də coğrafı anlamda Zəngəzuru Azərbaycana daha da yaxınlaşdırır. Çünki erməni müxalif dairələri başa düşdülər ki, əgər Nikol Paşinyanın dövründə Qarabağ və Şərqi Zəngəzur torpaqları işğaldan azad edildisə, bu kimi qeyri-adekvat, kilsənin və diasporanın ağalıq etdiyi hökumət hakimiyyətə gələrsə, növbəti dəfə Göyçə gölünün Şərq hissəsi, Naxçıvandan Qarabağa, yəni Şərqi Zəngəzur torpaqlarına qədər ərazi məsələsi də Azərbaycan tərəfindən gündəmə gətirilə bilər.
- Qazaxın anklav olmayan 4 kəndinin təhvil verilməsindən sonra tərəflər arasında sülh istiqamətində aparılan danışıqların mahiyyəti haqqında nə demək olar?
- Hazırda Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı işçi qruplarının fəaliyyəti davam edir. Ancaq hadisələr təbii ki, Nikol Paşinyanın bəyan etdiyi kimi olmayacaq. O, 1970-ci il xəritələri ilə bağlı iddialar səsləndirirdi. Hələlik isə Qazaxın anklav olmayan 4 kəndi ilə bağlı ortaq məxrəcə gəlindi. Amma digər hissələrdə bir çox ərazilər var ki, onlar delimitasiya və demarkasiya prosesindən keçməlidir. Sözsüz ki, sərhəd dəqiqləşməsi uzun bir prosesdir. Azərbaycan tərəfi isə bu məsələdə tələsmir.
- Azərbaycanın əsas prioritetləri nədən ibarətdir?
- Bakı üçün əsas prioritet sülh müqaviləsinin bağlanması və münasibətlərin normallaşmasına dair sənədin qəbul edilməsidir. Əgər Paşinyan Bakıda keçiriləcək COP29-a gələrsə, burada məhz bu mətnlərdən ibarət sənəd imzalanarsa, o, artıq irəliyə doğru atılan addım olacaq. Çünki Ermənistan rəsmi şəkildə Azərbaycan ərazisində heç bir iddiası olmadığını üzərinə götürəcək. Eyni zamanda Ermənistan konstitusiyasında ediləcək dəyişikliklər, erməni kilsəsinin iddialarından əl çəkməsi Paşinyanın görməli olduğu işlər sırasındadır.