Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi kluarlarda müzakirələr gedir. Ölkə konstitusiyasına uyğun olaraq bu il noyabr ayının ilk həftəsində Milli Məclis üzvlüyünə seçkilər keçirilməlidir. Amma bu ilin noyabrında Azərbaycanda COP29 beynəlxalq tədbiri keçiriləcəyindən seçkilərin önə çəkilməsi ehtimalından danışılır. Seçki qanunvericiliyinə görə, seçkilərin vaxtından sonra keçirilməsi qadağandır. Vaxtından əvvəl seçkilərin keçirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Teleqraf.com-a danışan hakim Yeni Azəebaycan Partiyasının (YAP) təmsilçisi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov növbədənkənar parlament seçkilərinin keçirilməsinə münasibət bildirib:
“Ən əsası ölkəmizdə təşkil olunacaq proseslərin ən yüksək səviyyədə baş tutmasıdır. Bu ilin noyabrında ölkəmizdə COP29 beynəlxalq tədbiri olacaq. Həmçinin parlament seçkiləri keçiriləcək. Eyni zamanda digər beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bütün bunların ən yüksək səviyyədə yekunlaşması üçün zəruri işlər görülməli, təşkilati işlər aparılmalıdır”, - deyə əlavə edib.
Səməd Seyidov parlament seçkilərinin nə vaxt keçiriləcəyinin onun üçün prinsipial əhəmiyyət kəsb etmədiyini söyləyib:
“Burada keyfiyyət daha vacibdir. Amma nə vaxt keçirilməsindən asılı olmayaraq parlament seçkiləri bütün seçki prosesləri kimi ən yüksək səviyyədə baş tutacaq. Əsas məsələ məhz budur. Bunun üçün lazım olan əsaslar və zəmin var”.
YAP-çı millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, əsas diqqət növbədənkənar parlament seçkilərinin tarixinə deyil, seçkilərin keçirilməsinə yönəlməlidir:
“Konstitusiyaya görə, bu ilin noyabrın birinci bazar günü Azərbaycan Parlamentinə seçkilər keçirilməlidir. Bütün diqqət də məhz buna istiqamətlənməlidir. Prinsip etibarı ilə cəmiyyətdə əhval-ruhiyyə bundan ibarətdir”.
Aydın Mirzəzadə bildirib ki, ölkə yeni 5 il müddətinə özünün qanunvericilik hakimiyyətinin nümayəndələrini seçəcək:
“Siyasi partiyalardan, parlament seçkisində iştirak etmək istəyən müstəqil namizədlərdən sadəcə olaraq ciddi hazırlıq tələb olunur. Azərbaycan növbəti dəfə özünün müstəqilliyini, gücünü, demokratik dəyərlərə bağlılığını, insan hüquq və azadlıqlarının dövlət tərəfindən təmin edildiyinin nümunəsini göstərəcək”.