Prezident İlham Əliyev Ermənistanla imzalanacaq sülh üçün iki vacib şərti qeyd edib. Bu, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlıdır. Digər məqam isə ATƏT-in Minsk Qrupunun buraxılmasıdır. Bu reallıqları nəzərə alaraq demək olar ki, Prezidentin bu şərtləri icra edilməyincə sülh müqaviləsi imzalanmayacaq.
Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.
O qeyd edib ki, Ermənistanın indiki konstitusiyasında “Böyük Ermənistan”ın absurd əsasları var:
“Sülh müqaviləsi imzlanmış olsa belə qarşı tərəf bunu Ermənistan konstitusiyasına zidd olduğunu irəli sürərək, etibarsız olduğunu dilə gətirə bilər. Ona görə də, Azərbaycan Prezidenti işin daha qarantiyalı olması üçün haqlı olaraq tələb edir ki, Ermənistan konstitusiyası dəyişdirilsin!”.
Politoloq hesab edir ki, Minsk Qrupununun həmsədrliyindən imtina əslində Fransının proseslərə müdaxiləsini neytrallaşdırmağa yönəlib:
“Minsk Qrupu öz fəaliyyətini artıq dayandırıb. Çünki vasitəçiliyin əsas qaydası odur ki, hər iki tərəf vasitəçini qəbul etsin. Əgər vasitəçi qəbul edilmirsə, bu halda onlar öz fəaliyyətlərini dayandırmalı olur”.
Fərhad Mehdiyevə görə, Ermənistanın Minsk qrupundan imtina edib-etməməsindən asılı olmayaraq Azərbaycan imtina etdiyinə görə vasitəçi öz fəaliyyətini davam etdirə bilmir:
“Eyni zamanda bu prosesə Ermənistan tərəfindən Fransa və ABŞ-nin müdaxilə cəhdi kimi də başa düşülməlidir. İrəvan başqa ölkələrin bu məsələdə qərar verməsinə şərait yaratmadan öz mövqeyini ortaya qoymalıdır”.