11 İyun 16:44
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri hər iki ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan və Türkiyə arasındakı əlaqələr sadəcə qonşu, dövlətlərarası münasibət deyil. Bu, yaxın qardaşlıq, dostluq, səmimilik, uğurların əldə olunması və problemlərin birgə həll olduğu ölkələrin münasibətidir. Azərbaycan və Türkiyənin bir-biri ilə həmişə görüşməsinə, məsələləri müzakirə etməsinə ehtiyac var.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, mətbuata iki ölkə lideri arasında müzakirə edilən məsələlər barəsində məlumatlar verildi:

“Buraya birgə investisya, energetika, ticari-iqtisadi əlaqələrin daha genişlənməsi, beynəlxalq aləmdə birgə fəaliyyət məsələləri daxildir. Eyni zamanda qardaş Türkəyinin işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərində Azərbaycana böyük dəstək məsələləri də gündəmdədir”.

Deputat bildirib ki, ötən il qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkmiş insanlara Azərbaycanın yardımı da müzakirə edilən mövzular sırasında olub:

“Ölkəmiz zəlzələdən zərər çəkənlərə evlərin tikilməsi üçün 100 milyon vəsait ayırıb. Artıq qardaş ölkədə Azərbaycanın hesabına böyük bir şəhərcik salınır. Ona görə də, bütün bu məsələlər müzakirə edilən mövzulardır. Həmçinin elə məsələlər var ki, bunlar üçün əlavə görüşə və müzakirəyə də ehtiyac olur. Dünya dəyişir, mürəkkəbləşir. Ölkələrimiz bu gün fəal hərbi əməliyyatların keçirildiyi regiona yaxın bölgədə yerləşir. Bu gün böyük güclərin konfrantasiyası günü-gündən dərinləşir. Belə bir situasiyada hətta həmin ölkələrdən uzaqda yerləşən dövlətlər belə böyük zərər çəkir”.

Aydın Mirzəzadə hesab edir ki, ümumi risklərdən qorunmaq üçün birgə fəaliyyətin aparılması mövzuları müzakirə edilən məsələlərdəndir:

“Qardaşla-qardaşın görüşü həmişə arzulanandır. Bu heç zaman artıq olmur. Hər iki ölkənin liderləri bundan sonra da bir-biri ilə əlaqələrini daha da sıxlaşdıracaq. Bu əlaqələr hərtərəfli və bütün səviyyələrdədir. Türkiyənin sevinci, bizim sevincimiz, problemi bizim problemimizdir. Prezident İlham Əliyev qardaş Türkiyəyə işgüzar səfərində bunu bir daha yüksək səviyyədə nümayiş etdirdi. Türkiyə tərəfinin də Azərbaycana sevgisi bütün məsələlərdə görünməkdədir. Eyni zamanda Türkiyə kimi bir ölkə ilə qardaş, dost olduğumuzdan fəxr duyuruq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər