13 İyul 21:44
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşündən sonra verilən açıqlamalar kifayət qədər korrekt idi. Amerika tərəfi bu görüşlə bağlı daha geniş açıqlama verdi. Tərəflərin hər ikisindən verilən açıqlamalar indiyə qədər görülmüş işlərdən məmnunluq və bunun davam etdirilməsi yönündə oldu.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

O qeyd edib ki, ABŞ hər iki tərəfi sülh sazişi bağlamaq üçün təşviq edir:

“Bu, Amerikanın özü üçün də vacibdir. Çünki Ağ evin vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması Rusiyanın bölgədə nüfuzunun zəifləməsi və onun regiondan sıxışdırılıb çıxarılması baxımından uğurlu ola bilər. Eyni zamanda Amerika artıq prezident seçkiləri marafonuna daxil olub. Hazırda vəziyyəti heç də yaxşı olmayan indiki iqtidar, yəni Cozef Bayden administrasiyası ən azı xarici siyasətdə müəyyən uğurların olması ilə bağlı seçicilərə təqdimatlar etməlidir. 40 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi və tərəflar arasında sülh müqaviləsinin imzalanması Bayden administrasiyası üçün böyük bir uğur kimi tədim edilə bilər”.

Politoloq hesab edir ki, Azərbaycan tərəfinin mövqeyi konkretdir:

“Prezident İlham Əliyev tərəfindən ABŞ Dövlət katibi və Türkdilli dövlətlərin təmsilçiləri ilə görüş zamanı da bu fikir səsləndirilib. Bakının mövqeyi odur ki, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycana və Türkiyəyə qarşı yer alan ərazi iddiaları ilə bağlı müddəalar dəyişdirilməlidir. Bundan sonra tam həcmli sülh müqaviləsi imzalana bilər. Ancaq bu halda dayanıqlı və sabit sülhdən danışma olar”.

Oqtay Qasımova görə, Amerikanın maraqları və Ermənistanda referendumun keçirilməsinin müəyyən problemlərini nəzərə alaraq Azərbaycan kompramist variant kimi qarşı tərəfə yeni bir fürsət verir:

“Belə ki, Ermənistana təklif edilir ki, tərəflər prinsipial məsələlərlə bağlı çərçivə sənədi imzalayıb, ona paraflaya bilər. Referendumun keçirilməsi ilə bağlı Ermənistan üzərinə öhdəlik götürür. Bu ərəfədə isə sülh müqaviləsi ətrafında iş davam etdirilir. Nəticədə ətraflı sülh müqaviləsi layihəsi hazırlanır. Referendum keçirildikdən sonra yekun sülh müqaviləsi imzalanır. Əsas məqamlar bu cürdür. Ona görə də, yaxın aylarda tərəflər arasında sülh müqaviləsinin imzalanması real görünmür. Amma hansısa çərçivə sənədinin imzalanması mümkündür. ABŞ və Böyük Britaniyanın keçmiş baş naziri də COP29-a qədər çərçivə sülh sənədinin imzalanması reallığı dilə gətirib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər