12 İyul 19:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dost, qardaş Pakistan İslam Respublikasına dövlət səfəri, ölkəmizin başçısına göstərilən ən yüksək hörmət və ehtiram iki dövlət arasında olan sarsılmaz tarixi bağların ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin dəvəti ilə bu ölkəyə dövlət səfəri hər iki xalqın yaddaşına əbədi həkk olundu. Prezident İlham Əliyevə və nümayəndə heyətinə dost, qardaş ölkədə göstərilən ən yüksək hörmət və ehtiram bunun bariz nümunəsidir. Ölkəmizin başçısı da öz növbəsində dost və qardaş Pakistanda olmaqdan şərəf duyduğunu, Azərbaycan-Pakistan qardaşlığının sarsılmaz olduğunu bildirib.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatında olduqca vacib məqamlara toxunub: “Ölkəmizin başçısı bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır: “Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Bu bir reallıqdır ki, Pakistanla Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Azərbaycan-Pakistan münasibətlərinin inkişafı tarixi köklər və mənəvi dəyərlərə bağlılıq üzərində inkişaf edir. Bu mənada ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdə ilk dəfə onu tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri açılıb. Eyni zamanda Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib. Məhz Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə, bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Eyni zamanda 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa da Pakistan sədrlik edib. Sözsüz ki, iki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla yanaşı Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verib. Cənab Prezident hər zaman Pakistanın ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır”.

Millət vəkili bildirib ki, ölkəmizin başçısının da vurğuladığı kimi Azərbaycanın Pakistanın ərazi bütövlüyü ilə bağlı mövqeyi birmənalıdır: “Bu xüsusda Azərbaycan Pakistan üçün vacib amil olan Cəmmu və Kəşmir məsələsində birmənalı dəstək ifadə edib. Cənab Prezident də qeyd edib ki, bu bizim qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Reallıq odur ki, kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulub. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Amma bütün bunlara baxmayaraq qardaş və dost kimi Azərbaycan Pakistanla Kəşmirdəki qardaşları ilə hər zaman yan-yana olacaq. Çünki Azərbaycan hər zaman beynəlxalq hüququn və ədalətin tərəfində olduğunu bəyan edib. Sözsüz ki, Pakistan da hər zaman Azərbaycanın yanında olub. Ərazilərimiz Ermənistan tərəfindən işğalda olduğu dövrdə də Pakistan Azərbaycana birmənalı dəstək verib. Azərbaycan xalqı da yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olub. İkinci Qarabağ müharibəsi-Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bunun bariz nümunəsidir. 2020-ci ilin noyabrında Azərbaycan özünün tarixi qələbəsini qeyd etdiyi vaxtda Azərbaycan, Pakistan və Türkiyənin bayraqları dalğalanır, insanlar hər üç qardaş ölkənin bayraqlarını əllərində daşıyırdılar”.

Sevinc Hüseynova Azərbaycanla Pakistan arasında əldə edilmiş razılaşmalara, imzalanmış tarixi sənədlərin xarakterinə diqqət çəkib: “Qarşılıqlı əlaqələrdə atılan bu addımların təsiri olduqca böyükdür. Bu xüsusda digər sahələrdə olduğu kimi sərmayələrin ilkin həcmi təxminən iki milyard dollar olacaq. Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və bir sıra digər istiqamətlər üzrə olan layihələr artıq müzakirə olunub. Atılan bu addımlar əməkdaşlığın şaxələnməsinə xidmət edir. Həmçinin güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində imkanlar açır. Artıq ilkin mərhələdə iki ölkə arasında güzəştli ticarət formatına aid 9 maddə müəyyən olunub. Lakin bu, yalnız başlanğıcdır. Ölkəmizin başçısınını da vurğuladığı kimi Azərbaycanla Pakistan hər zaman sıx əməkdaşlıq edib. Hazırda isə iki ölkə arasında ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə start verilir. Bütün bunlar hər iki tərəf üçün mühüm planlardır və bütün planların icrası üçün də yüksək səviyyəli qarşılqlı etimad mövcuddur. Eyni zamanda Azərbaycanla Pakistan arasında müdafiə sənayesi, hərbi sahədə, müasir kommunikasiya və digər vacib istiqamətlərdə əldə edilmiş vacib razılaşmalar qarşıdakı dövr üçün daha böyük hədəflərin olduğunu bir daha nümayiş etdirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər