Azərbaycanla Ermənistan arasında sülh müstəvisində aparılan danışıqlarda üçüncü tərəf olmaq istəyində olanların məqsədləri heç də birmənalı deyil. Bu xüsusda ABŞ və Avropa Birliyi daha çox fəallıq göstərir. Son zamanlar isə Amerikanın israrlı davranışları diqqəti cəlb edir. Rusiya isə öz coğrafiyasından kənarda aparılan danışıqlara qısqanclıqla yanaşır.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan politoloq Zərdüşt Əlizadə bu prosesdə yer almaq istəyən üçüncü tərəflərin əsas niyyətinin tamam fərqli olduğunu bildirib.
“Onlar bu məsələdə yer almaqla regionda öz maraqlarını təmin etmək iddiasındadır. Azərbaycan və Ermənistan arasında olan məsələlərdən həmin qüvvələr süni şəkildə öz maraqları naminə istifadə etmək niyyətindədir”, - deyə o əlavə edib.
Politoloq hesab edir ki, hansısa bəd niyətli qüvvələr bu iki xalqı düşmən etdikləri kimi indi də regionda qalmaq üçün yeni hiyləyə əl atırlar:
“Nəticədə isə itirən ancaq Azərbaycan və erməni tərəfi olub. Ona görə də, bu məsələdə diqqətli olmaq lazımdır. Hazırda bu prosesdə üçüncü tərəf kimi çıxış edənlər çalışır ki, sülh olmasın”.
Zərdüşt Əlizadəyə görə, Rusiya, ABŞ, Avropa Birliyi, Fransa və İran çalışır ki, Azərbaycanla Ermənistan bir araya gəlməsin:
“Hansısa bir proses olacaqsa, onlar burada tərəf olmaq üçün əldən-ayaqdan gedir. Mövqeləri nəzərə alınmadığı halda isə deyirlər ki, “biz vasitəçi ola bilərik”. Reallıqda isə Azərbaycanla Ermənistan arasındakı proseslərin irəliyə aparılması üçün heç bir vasitəçiyə ehtiyac yoxdur. Mənim erməni qonşum pisdirsə, burada vasitəçi lazım deyil. Yaxşı erməni qonşum varsa, yenə də vasitəçiyə ehtiyacım qalmır”.