Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- “Sülh danışıqlarında qəliz anlaşma kompromislər tələb edir” açıqlaması verən ABŞ Azərbaycanla Ermənistan arasında davam edən danışıqlar prosesinin yönünü dəyişməklə nə məqsəd güdür? Yaxın günlərə qədər Ermənistan tərəfi “sülh sazişini bir aya imzalaya bilərik” dediyi halda prosesi qəlizləşdirən səbəb nədir?
- ABŞ-nin mövqeyini başa düşmək çətin olsa da, təxminlər var. Azərbaycan Ermənistandan konstitusiyasında olan əsassız iddiaları aradan qaldırmağı tələb edir. Bu, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlıdır. Məhz bunun fonunda ABŞ Azərbaycandan Ermənistana qarşı çox da maksimalist tələblər qoyulmasını istəmir. Yəni Amerika indiki halda iki ölkə arasında nəyin bahasına olur-olsun sülh müqaviləsinin imzalanmasına can atır. Ağ Ev yekun sülh sazişi əldə edilməsə belə, ən azından çərçivə razılaşmasının əldə olunmasında maraqlıdır. Bunu da hazırda Amerikada davam edən seçki marafonunda Demokratlar Partiyası, yəni Co Bayden üçün uğurlu xarici siyasət kimi təqdim etmək üçün lazımdır.
- Sizcə, Bakının İrəvana sülhlə bağlı əsas güzəşti nədən ibarət ola bilər?
- Azərbaycan Ermənistana 5 baza prinsipinə əsaslanan sülh konsepsiyası təqdim edib. Ermənistan konstitusiyasında dəyişikliklər üçün referendumun keçirilməsinə ehtiyac olduğu da bəyan olunub. Bu müddət ərzində Ermənistan hakimiyyəti üçün müəyyən imkan yaratmaq üçün Azərbaycan tərəfindən kompromis variant üçün təklif də var. Məhz təklif edilmiş baza prinsipləri əsasında çərçivə sülh razılaşmasının imzalanması mümkündür. Beləliklə, əldə edilmiş bu razılaşma paraflanır. Paralel olaraq dayanıqlı və sabit sülhə şərait yaradacaq yekun layihə üzərində işlər davam etdirilir. Ermənistanda həmin dövrdə keçiriləcək referendumun uyğun nəticələrinə əsasən də sülh müqaviləsini imzalamaq mümkün olur.
- Ağ Evin vasitəçilik missiyasına zərbə vuran elementlər hansılardır?
- ABŞ hazırda ciddi şəkildə Ermənistanı dəstəkləməklə məşğuldur. Bu dəstək Ağ Evin son dövrdə yenidən cəhd etdiyi vasitəçilik missiyasına da kölgə salmış olur. Amerika Ermənistana iqtisadi, siyasi, hərbi dəstək verməklə öz neytrallığını ciddi şəkildə zədələyir. Belə olan halda Azərbaycan təbii ki, üçüncü tərəfin iştirakından əvvəlcədən də məmnun qalmadığını bəyan edir. Ona görə də, Bakı ancaq ikitərəfli danışıqlar formatını irəli sürüb. Proseslər də göstərdi ki, ikitərəfli formatda irəliləyişlər əldə etmək mümkündür.
- Proseslərdə Bakını narazı salan məqamlar hansılardır?
- Son zamanlar ABŞ və Qərb tərəfindən Qarabağ erməniləri ilə bağlı manipuliyasiyalar edilməyə başlanılıb. Məqsədləri bu məsələ üzərindən Bakıya mümkün qədər təzyiq etməkdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi bəyan edilib. Qarabağ ermənilərinin buradan getməsi üçün heç bir səbəb yox idi. Onlar buradan könüllü şəkildə gedib. Bu halda Bakı məsələnin paritet əsasda həllinin tərəfdarıdır. Yəni Qarabağda vaxtilə yaşamış ermənilərin buraya köçürülməsi ilə bağlı Azərbaycanın mövqeyi konkretddir. Söhbət 1989-cu ilə qədər Qarabağda yaşamış ermənilərdən gedir. Onların Azərbaycana inteqrasiyasına etiraz yoxdur. Bununla bağlı proses də başlayıb. Sadəcə olaraq Azərbaycan eyni hüquqların 1988-ci il və ondan öncəki dövrlərdə tarixən yaşadıqları ata-baba ocaqlarından, yəni Ermənistandan qovulmuş azərbaycanlılara da şamil edilməsini istəyir. Bu baxımdan proses kifayət qədər mürəkkəbdir.
- Dəhlizlə bağlı İrəvanın əsas məqsədi nədir? Kommunikasiya xəttləri hansı şərtlərlə bərpa oluna bilər?
- Zəngəzur dəhlizi ətrafında da hansısa kompramistlərin olması mümkündür. Azərbaycan tələb edir ki, burada kommunikasiya xəttləri 10 noyabr 2020-ci ildə qeyd edilmiş şərtlər daxilində açılmalıdır. Yəni, söhbət təhlükəsiz və maneəsiz keçiddən gedir. Ermənistanın həll etmək istəmədiyi də məhz budur. İrəvan isə Zəngəzur dəhlizinin ancaq öz şərtləri əsasında açılmasını istəyir. Erməni tərəfi dəhlizə ancaq özü nəzarət etmək niyyətindədir. Azərbaycan isə Ermənistanın dəhliz üzərindən verəcəyi təminatları yetərli saymır.