Ermənistanda mövcud olmuş terrorçu qruplar yenidən gündəmə gəlməyə çalışır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi terror aktlarında fəal iştirak edən erməni terrorçular indi də Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüşmək niyyətində olduqlarını bildiriblər. Bu, növbəti erməni hiyləgərliyidir. Rusiya-Ukrayna cəbhəsində həmin erməni terrorçu qrupların nəyisə dəyişməsi, hansısa bir nəticə əldə etməsi mümkünsüzdür.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, həmin erməni terrorçu qruplar indiki məqamda özləri haqqında fikir yaratmaq üçün belə addımlar atmaq iddiasına düşüblər:
“Özlərini bu vəziyyətdə “patriot” kimi göstərmək istəyirlər. Fakt odur ki, bu terrorçu erməniləri heç kəs Rusiya-Ukrayna cəbhəsinə göndərməyəcək. Onlar bu müharibəyə getmək istəsəydilər çoxdan qoşulardılar. Artıq müharibənin üçüncü ilidir. İndiki halda onların bu saxta istəklərinə heç kəs reaksiya verməyəcək”.
Polkovnik hesab edir ki, Rusiyameyilli və irqçi baxışları ilə fərqlənən “erməni qartalları” terror qruplaşması Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya qarşı müharibədə döyüş üçün müraciəti də tamam başqa məqsədlərə xidmət edir:
“Həmin terrorçu dəstənin başçısı Xaçik Asryan bir müddət öncə də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə məktub təqdim etmişdi. Görünən odur ki, bu terrorçuları yenidən hərəkətə gətirmək istəyən hansısa qüvvələr var”.
Üzeyir Cəfərova görə, erməni terrorçular bununla heç nəyə nail ola bilməyəcəklər:
“Rusiya-Ermənistan arasındakı indiki gərginlik fonunda bu kimi gedişlər heç nəyi dəyişməyəcək. Bu sadəcə olaraq həmin qrupların öz varlıqlarını göstərməyə hesablanmış bir gedişdir. Sadəcə\ olaraq guya ermənilərin rusların yanında olması, rus təəssübkeşliyi kimi görüntü yaratmaq istəyirlər”.