Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallaırnı cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçiriləcəyi açıqlanmışdı, amma son anda Nikol Paşinyan bu görüşdən boyun qaçırıb. Buna səbəb nə idi?
- Vaxtilə Heydər Əliyevin qarşısında dura bilməyəcəklərinə, uduzacaqlarına görə Ermənistan prezidenti Serj Sərkisyan da görüşdən yayınmışdı. Nikol Paşinyan da onun yolunu getdi. O, Prezident İlham Əliyevin Londonda ən yüksək səviyyədə qarşılanması, keçirdiyi görüşlər, ona olan münasibətdən qorxuya düşüb. Azərbaycan Prezidentinin Macarıstanın baş naziri Viktor Orbanla oturduğu masaya NATO Baş katibi Yens Stoltenberqin, Polşa prezidentinin, Serbiya Prezidenti Aleksandr Vuçiçin, Çexiyanın baş nazirinin, Almaniya kansleri Olaf Şolts və digər liderlərin yaxınlaşması böyük maraqla izlənilirdi. Prezident İlham Əliyevlə aparılan söhbətlər, onun məlumatlı olması fonunda Paşinyanın dialoqdan qaçması əslində yaxşı əlamət idi. Çünki cahil adamla aqil adamın bir masada oturması aqil adam üçün həddən artıq əzablı bir məsələdir. Paşinyan əslində qaçmaqla özü haqqında olan bütün informasiyaları təsdiqləmiş oldu.
- Paşinyana verilən təlimatlar onun hərəkətlərində özünü hansı formada göstərir?
- Bu, Fransadan gəlmiş bir ideya idi. Çünki o vaxt Köçəryan-Sərkisyanların da müzakirələrdən qarın ağrısı və müxtəlif bəhanələrə qaçması fonunda Paşinyanın da eyni hərəkəti təkrar etməsi Azərbaycan dövlət başçısının siyasi iradəsi və gücündən qorxması ilə bağlıdır. Əslində Paşinyan bütün görüşlərində sülh istədiklərini gündəmə gətirirdi. Beynəlxalq müstəvidə baş tutacaq bir görüşdə isə o, pis vəziyyətə düşəcəyini anladığına görə belə bir addım atıb. Vaxtilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan lideri ilə Paşinyan debata çıxmışdı və Nikol orada özünü gülünc vəziyyətə salmışdı. Hətta o qədər çaşmışdı ki, "Qarabağ Azərbaycan ərazisidir" ifadəsini işlətmişdi. Ona görə də, Paşinyan yeni bir səhv edəcəyindən qorxaraq buna getmədi.
- Sizcə, erməni tərəfinin bu davranışı sülh prosesinə necə təsir edə bilər?
- Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, Ermənistan tərəfinin bu görüşdən qaçmasının əsas məqsədi imzalanacaq sülh müqaviləsinə qarşı bir təxribatdır. Fakt odur ki, erməni tərəfi indi təxribatı da bacarmır. Az qala hər şeyi üz-gözlərinə bulaşdırırlar.
- İrəvanın dialoqdan qaçması qarşıdakı dövrdə proseslərin istiqamətini dəyişdirə bilərmi? Sülhün ikitərəfli proses olduğunu nəzərə alsaq, bir tərəfin bundan imtinası nə ilə nəticələnəcək?
- Paşinyan orada görüşə razılıq vermişdisə, bundan son anda imtina etməyin heç bir mənası yoxdur. Bunu öncədən də demək olardı ki, başqa bir məkanda görüş olsun və s. Bütün bunların hamısı onu göstərir ki, Ermənistan əslində sülh sazişini imzalamağa hazır deyil. Erməni tərəfi öz xislətinə uyğun olaraq təxribatlarla “nəyisə yenidən qaytardılar” arzusu ilə xəyal qurur. Amma bütün bunlar əbəsdir. Proses başa çatıb. Azərbaycan öz istədiyini əldə edib. Ermənistan tərəfinin görüşdən yayınması onun itkisidir. Burada Azərbaycan heç nə itirmədi.