"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın London görüşünün baş tutmaması nə ilə bağlıdır? Paşinyanın son anda görüşdən yayınmasına səbəb nədir?
- İngiltərə baş nazirinin təklifi ilə Londonda əvvəlcə üçtərəfli, daha sonra isə ikitərəfli formatda nəzərdə tutulan görüş məhz Ermənistan rəhbərliyi tərəfindən pozulub. Burada bir neçə səbəbin olması ehtimalı var. İlk növbədə dünyada geosiyası mübarizənin şiddətlənməsinə diqqət çəkmək lazımdır. Bu mübarizə kəskinləşdikcə, Ermənistanın manevr imkanları ilə bağlı Nikol Paşinyanın siyasətində bir sıra korrektələr yaranır. Hazırda Rusiya-Ukrayna arasındakı müharibədə vəziyyət heç də Paşinyanın istədiyi kimi getmir. ABŞ-də prezidentliyə namizədlər Donald Tramp və Cozef Bayden arasındakı teledebatdan sonra Respublikaçılar partiyasının qalib gəlmək şansı kifayət qədər artıb. Belə olan halda Paşinyan son zamanlar Rusiya ilə bağlı daha ehtiyatlı davranmağa başlayıb. Bu davranış müəyyən mənada Azərbaycanla aparılan danışıqlar prosesinə də təsir edir.
- Bu təsir danışıqların mahiyyətində daha çox hansı rakursda özünü göstərir?
- Burada əsas danışıqların predmeti ilə bağlı olan məsələlərdə bu təsiri görmək mümkündür. Eyni zamanda bu amil birbaşa danışıqların özü ilə bağlıdır. Paşinyan bu il Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir. Hətta ilk növbədə sülh sənədinin paraflanmış variantının qəbul ediləcəyi ehtimal olunurdu. Bu sözsüz ki, irəliyə atılmış ciddi addım olacaqdı. Daha sonra isə Ermənistan konstitusiyasına dəyişiklik edərək Azərbaycanla sülh müqaviləsi imzalanacaqdı. Amma bir dəfə də olsun Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmış variantı ilə bağlı müsbət fikir səsləndirilmədi. Prezident İlham Əliyev də bu yaxınlarda məsələ ilə bağlı öz mövqeyini bildirmişdi.
- Ermənistanın görüşdən yayınmaqla bağlı arqumentləri nədən ibarətdir?
- Belə bir ehtimal da var ki, Ermənistanın baş naziri Böyük Britaniya baş naziri qarşısında öhdəlik götürəcəyini guman edib və ona görə də, bu görüşdən yayınıb. Amma bütün bunlara baxmayaraq ötən gün öz çıxışlarında Emmanuel Makron (Fransa prezidenti), Şarl Mişel (Avropa İttifaqının prezidenti) nə də, digərləri Paşinyanın bu görüşdən imtinası ilə bağlı heç bir şərh verməyib. Bir neçə həftə əvvəl az qala Azərbaycanı günahlandırırdılar ki, guya Bakı danışıqları uzadır, sülh müqaviləsini imzalamır. Hətta Zəngəzur dəhlizinin və Türkiyə-Ermənistan sərhədlərinin açılması masa üzərindədir. Azərbaycan buna maneə olur və s kimi əsassız iddialar səslənirdi. Ermənistan hökuməti ötən gün bəyanat verib ki, guya Londondakı görüşdən Azərbaycan tərəfi imtina edib. Bütün bunlar onu göstərir ki, Ermənistan növbəti dəfə öz pozucu mahiyyətindən imtina etməyib.