İyulun 22-də Bakıda Misir Ərəb Respublikasının milli bayramı - İyul İnqilabının 72-ci ildönümü qeyd olunub.
Teleqraf.com xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Misirin səfiri Hişam Mohamed Nağı Abdel Həmid ölkəsi müstəqillik əldə etdikdən sonra böyük irəliləyişlərə nail olunduğuna diqqət çəkib.
Səfir Azərbaycanı bu il BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməsi münasibətilə ürəkdən təbrik edib. O, Misirin mühüm sahələrdə iki ölkə arasında əməkdaşlığı və təcrübə mübadiləsini davam etdirməyə hər zaman hazır olduğunu vurğulayıb.
Hişam Mohamed Nağı Abdel Həmid deyib: “Razılığa gəlinmiş bütün beynəlxalq məsələlərdə Misir və Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur. Bundan başqa, biz birlikdə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır və İslam həmrəyliyini gücləndirmək üçün birgə səylər göstəririk. Misir və Azərbaycan dünyada sülh və təhlükəsizliyə nail olmaq, mübahisələri sülh yolu ilə həll etmək işinə əhəmiyyətli dəstək verir”.
Səfir əlavə edib ki, Misir Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin edən cəhd və təşəbbüslərin əhəmiyyətinə hər zaman inanır. Bu da region ölkələrinin və xalqlarının inkişafına maksimum dərəcədə töhfə verir.
Sonra çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misir xalqını və dövlətini əlamətdar bayram münasibətilə təbrik edib.
Nazir qeyd edib ki, Misirlə Azərbaycan arasında güclü diplomatik münasibətlər mövcuddur.
“Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünü qeyd edirik. Bu dövr ərzində əlaqələrimizin möhkəmləndirilməsinə imkan verən 49 ikitərəfli sənəd imzalanıb. İkitərəfli iqtisadi əlaqələrdə artım tendensiyaları müşahidə olunur. Ticarət dövriyyəmiz 2024-cü ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Azərbaycan və Misir arasında Hökumətlərarası Müştərək Komissiyanın növbəti iclasını bu ilin sonuna kimi Misirdə keçirməyi planlaşdırırıq. Ölkəmiz arasında nəqliyyat və logistika üzrə böyük potensial var”, - deyə R.Nəbiyev vurğulayıb.
O bildirib ki, Misirdən Mərkəzi Asiya ölkələrinə, Çinə, eləcə də əks istiqamətdə yüklərin Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə daşınması imkanı genişdir və bu istiqamətdə müzakirələr aparılır.
Son iki il ərzində Misirdən Azərbaycana gələn turistlərin sayı iki dəfə, ölkəmizdən Misirə səfər edənlərin sayı isə üç dəfəyə yaxın artıb.
Tədbirdə dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.