24 İyul 09:05
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aram Sarkisyan, Tiqran Xzmalyan, Ovsep Xurşudyan və digərləri Nikol Paşinyanın siyasi müttəfiqləridir. Bunlar qərbyönümlü siyasi güc mərkəzlərini təmsil edirlər. Avropa Birliyinə üzvlüklə bağlı referendumun keçirilməsi təklifi də məhz onlardan gəlmişdi. Ancaq bu o demək deyil ki, bu təklifin müəllifi onlardır. Düşünürəm ki, onlar vasitəsilə Nikol Paşinyan bir növ həm ölkə daxili nəbzi, həm də bu məsələ ilə bilavasitə prosesdə maraqlı olan xarici qüvvələrin rəyini öyrənməyə hesablamışdı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, nəticə ondan ibarət oldu ki, Avropada seçkilər nəticəsində Ermənistanın gözləmədiyi bir vəziyyət yarandı:

“Fransa Prezidenti Emmanuel Makron hakimiyyəti həm Avropa Parlamentindəki seçkilərdə, həm də ölkə daxilində məğlubiyyətə uğradı ki, bu da Nikol Paşinyan üçün arzuolunmaz vəziyyət yaratdı. Çünki Nikol Paşinyanın əlindən tutub Avropa Birliyinə daşıyan və yolunu asanlaşdıran məhz Fransa və onun lideri Makrondur. Buna görə də indiki vəziyyəti qeyri adekvat dəyərləndirdiyi üçün Paşinyan referendumun keçirilməsi ilə bağlı qərarı təxirə saldı. Ancaq yenidən Paşinyanın müttəfiqlərinin referendum məsələsini gündəmə gətirməsi düşünürəm ki, bu, Paşinyandan kənarda baş verən müstəqil siyasi bir hadisə deyil. Maraqlı burasıdır ki, bu qərar bu fəaliyyət məhz Paşinyanın Avropaya səfərindən dərhal sonra verilib. Bu, diqqətləri cəlb etməyə bilməz. Nikol Paşinyan Avropa səfərində görüşdüyü bir çox dairələr, eyni zamanda Fransanın lideri ilə söhbətləşməsi və Avropanın bəzi liderləri ilə görüşləri Paşinyana əsas verib ki, Avropa Birliyində indiki vəziyyətdə Ermənistan üçün təhlükəli qeyri müəyyənlik mövcud deyil. Bunun bariz nümunəsi Ermənistan vətəndaşlarına Avropa Birliyinə vizanın liberallaşdırılması ilə bağlı məsələnin Avropa Birliyi Şurasında və Avropa Komissiyasında müzakirəyə çıxarılmasıdır. Bu qərar Paşinyan hökuməti üçün çox vacibdir. Çünki bu qərar belə bir vəziyyət erməni ictimai rəyini demək olar ki, böyük anlamda əksəriyyətin maraqlarını ifadə edən bir reallıqdır. Bu gün Avropaya çox rahatlıqla gedib-gəlmək və Avropada yüksək maaşlı işlərdə işləmək istəyən ermənilərin sayı çoxdur. Bu gün Rusiyadan çox Avropaya inteqrasiya xəttinin tərəfdarları Ermənistanda ciddi şəkildə artmağa başlayıb. Nikol Paşinyan da bu gerçəyi anlayır. Əgər həqiqətən də Nikol Paşinyan Ermənistanın təhlükəsizliyinə təminat alarsa Avropaya üzv olmaq üçün referendumun keçirilməsi mümkündür. Çünki belə bir referendumun keçirilməsi Ermənistan üçün bəzi risk amilləri də daşıyır. Referendumun nəticələrindən asılı olaraq Rusiya Ermənistana yönəlik münasibətini tənzimləyəcək. Bu da ticari, iqtisadi və təhlükəsizlik yönündə Ermənistan Rusiya münasibətlərinə ciddi zərər verə bilər. Bunu Nikol Paşinyan bilməmiş deyil. Ona görə də Paşinyan Ermənistan tam təhlükəsizlik təminatı almadan belə bir referendum keçirmək istəmir. Çünki referendumun qərarı artıq Rusiyadan birmənalı uzaqlaşmaq və istiqamətini xarici siyasət prioritetini Qərbə yönəlik yönləndirdiyi anlamına gələcək. Ona görə də bu məsələ həssas məsələdir.

Doğrudur, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır. Ancaq bu, güvənilir mənbə deyil. Bu, Rusiyanın da maliyyələşdirdiyi və dəstəklədiyi erməni ictimai rəyinə hər zaman Ermənistan hökumətini aşağılayan, xəyanətkar kimi təqdim edən bir media qurumudur. Ona görə də onların yazdıqlarına etimad etmək doğru olmaz. O ki qaldı ehtimal olunan referendumda Azərbaycana qarşı iddiaların aradan qaldırılması, yəni konstitusiyanın dəyişdirilməsi, bu proses belə tezliklə ərsəyə gələcək məsələ deyil. Çünki Nikol Paşinyanın son qərarına görə konstitusiyanın dəyişdirilməsindən yox, yeni konstitusiya mətninin hazırlanmasından söhbət gedir. Belə mətni qısa müddətdə hazırlamaq, referendum keçirib qəbul etmək mümkün deyil.

Çünki bu məsələ sadəcə siyasi qüvvələri əhatə edəcək məsələ deyil. Bu, ciddi şəkildə ictimai rəy uğrunda ciddi mübarizə vəd edir. Bir tərəfdə hakimiyyəti devirmək istəyən revanşist qüvvələr, kilsə, erməni diasporu, onların kriminal maliyyələri, Rusiya və digər amillər, digər yandan Paşinyanın və onu dəstəkləyən qüvvələrin təbliğat xarakterli alternativ açıqlamaları var. Yəni bu mübarizə ciddi şəkildə ictimai rəy uğrunda olacaq. İctimai rəydə Paşinyan əmin olsa ki hökumət üstündür, o zaman yeni konstitusiyanın qəbulu üçün hərəkətə keçə bilər. Çünki yeni konstitusiyanın qəbulu Azərbaycan və Türkiyə ərazi iddialarından vaz keçmək anlamına gələcək. Bu da erməni ictimai rəyində o qədər də populyar olan məsələ deyil. Avropa Birliyinə üzv olmaqla Azərbaycan və Türkiyəyə ərazi iddiasından vaz keçmək kimi qeyri-populyar qərarları tərəzidə bərabərləşdirmək doğru deyil. Erməni ictimai rəyi nə qədər Avropaya inteqrasiyanın tərəfdarı kimi görünsə də, onlar keçmiş konstitusiya, "miatsum" və ərazi iddialarından vazkeçmək fikrində deyillər. Yəni bu, yaralı məsələdir. Bunun üçün tədricən ictimai rəyi formalaşdırmağa ehtiyac var. Bu da zaman deməkdir. Buna görə də düşünmürəm ki, əgər ehtimal olunan Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirilərsə, bir referendumla həm də yeni konstitusiyanın qəbulu məsələsi həll olunacaq. Yəni buna qətiyyən inanmıram. Çünki bu, qısa zaman çərçivəsində edilə biləcək məsələ deyil”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər