22 İyul 19:36
214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi şəhərimiz olan Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib. Bugünlər isə Qarabağın incisi olan şəhərdə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilib. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Bütün bunlar beynəlxalq tədbirin önəmindən xəbər verir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olunub. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ikinci dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayıb. Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar. Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış günündə bir çox məsələlər, o cümlədən regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və digər mövzularda çoxsaylı sualları cavablandırıb. Dövlət başçısının dediyi kimi, Azərbaycan haqqında beynəlxalq mediada dezinformasiyalar yayılır. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq. Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu dövrdə də belə hallar çox idi. Azərbaycan işğala məruz qaldığı halda belə, bizi bir sıra beynəlxalq meda təcavüzkar adlandırırdı. Burada məqsəd əsl həqiqətləri dünya ictimaiyyətindən gizlətmək və Azərbaycanın beynəlxalq müstəvidə imicinə zərbə vurmaq idi. Bu prosesdə xaricdəki anti-azərbaycançı mərkəzlər, erməni lobbisi və diasporu əsas rol oynayırdı. Ona görə də, Şuşa Forumunun müzakirə mövzusu çox actual idi. Dezinformasiyalara qarşı bütün sağlam cəmiyyətlər mübarizə aparmalıdır.

Sevinc Fətəliyeva qeyd edib ki, cənab Prezident Azərbaycanla Ermənistan arasında sülh imkanlarından da ətraflı bəhs edib: “Artıq tərəflər arasında sülh sazişinin mətnin 80-90 faizi razılaşdırılıb. Prezident İlham Əliyev bununla belə hələ iki məsələnin olduğunu bildirib. Dövlətimizin başçısı bildirib: “Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni, Minsk qrupunun burada bir növ “canlı” saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur”. İkinci məsələ isə odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Çünki həmin konstutusiyada Azərbaycana qarşı ərazi iddiaları var. Nikol Paşinyanın Böyük Britaniyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi isə bir da rəsmi İrəvanın sülhə maraqlı olmadığını göstərir. Əgər belə vəziyyət davam edərsə, itirən qarşı tərəf olacaq. Çünki sülh olmasa Ermənistanın heç bir gələcəyi yoxdur.

“Bütövlükdə, Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər