Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycanla Ermənistan arasında hazırkı mərhələdə sülh müstəvidə gedən proseslərin gedişində hansı yeniliklər var? Londonda erməni tərəfinin danışıqlardan boyun qaçırması etimad mühitinə təsir edə bilərmi?
- Əslində Londonda Azərbaycanla Ermənistan arasında hansısa məsələlərin həllinə aid çox böyük gözləntilər yox idi. Azərbaycan Prezidenti də açıqladı ki, sülh mətninin 90 faizi razılaşdırılıb. Burada söhbət prinsipləri özündə əks etdirən qısa bir sənəddən gedir. Sözsüz ki, yekun sülh sazişi üçün görüləsi işlər çoxdur. Ona görə də, Londonda baş verənlər başqa bir məsələ ilə bağlıdır. Ermənistan elə bir görüntü yaradırdı ki, guya Qərbə inteqrasiya edir və s. Məhz bu cəhdlərdən sonra məlum olur ki, Ermənistan nə Fransadan, nə də ki ABŞ-dən istənilən dəstəyi ala bilir. Hətta onlar Brüsseldə təşkil edilən xüsusi görüşün nəticəsi olaraq Ermənistana 100-200 milyon dollar verilməsi məsələsini müzakirə etdilər, elə məsələ bununla da bitdi.
- Kremlin bu məsələdə təsir imkanlarını necə dəyərləndirirsiniz? Son zamanlar İrəvandan Moskvaya ötürülən isti mesajlar bu məsələdə nə dərəcədə təsirli görünür?
- Hazırda Ermənistanın siyasi elitasında Rusiyanın himayəsinə qayıtmaq kimi fikirlər səslənir. Görünən isə odur ki, buna ciddi hazırlıq gedir. Əgər Londonda məlum görüş baş tutsa idi bu, sözsüz ki, Qərbin himayəsi ilə reallaşan təmas olacaqdı. Nikol Paşinyan bununla Rusiyadan özünə qarşı səslənən tənqidlərin miqdarını da çoxaltmış olardı.
- Paşinyanın əsas bəhanəsi nə idi?
- Fakt odur ki, Paşinyan hansısa bir bəhanə tapıb həmin formatdan imtina etdi. Bunun heç səbəbi də bəlli olmadı. Bəziləri deyir ki, Paşinyan həmin görüşə Fransa prezidenti ilə birgə qatılmaq istəyib və s. Amma konkret bu görüşün nəyə görə baş tutmaması açıqlanmadı. Ona görə də, yeganə səbəb burada Ermənistanın Rusiyaya yaxınlaşması məsələsidir. ABŞ-dəki seçkilərdə də erməni seçicilərin mövqeyi elə də təsirli görünmür.
- Rusiyanın Ermənistandakı səfirinin Zəngəzur dəhlizi ilə bağlı açıqlması hansı məntiqə əsaslanır? Moskvanın dəhlizlə bağlı yanaşmasında hansı dəyişikliklər ola bilər?
- ABŞ tərəfindən açıqlama verildi ki, qərb Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Onlar kommunikasiyaların İrandan yan keçməsini istəyir. İndi isə Rusiya öz mövqeyində dəyişikliklər edib. Hətta bəziləri iddia edirdi ki, guya Zəngəzur dəhlizinin açılması Rusiyanın maraqlarına uyğundur və s. İndi isə yaranan vəziyyəti o yanaşmaları alt-üst edir. Fakt odur ki, burada rəqabət güclüdür. Tərəflər öz real istəyini göstərmək istəmir. Onlar daha çox dəhlizin kimin nəzarəti altında açılması məsələsini gündəmə gətirir.
- İrəvanın dəhlizlə bağlı əsas istəyi nədir?
- Artıq bir çoxları da yəqin edir ki, dəhliz məsələsində Ermənistanın mövqeyi çoz zəifdir. 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatda göstərilirdi ki, burada nəzarəti rus sərhədçiləri həyata keçirəcək. İndi isə hansısa razılaşma nəticəsində dəhlizlə bağlı xüsusi bir şəraitin yaradılacağı iddia edilir. Litvadan keçən kommunikasiya xəttlərinə verilmiş statusun burada da tətbiqi gündəmə gətirilir. Ona görə də, bu mövzu ətrafında müzakirələr gedir.
- Bu məsələdə Bakının fundamental yanaşması nədən ibarətdir?
- Azərbaycanın mövqeyi dəyişməzdir. Vaxtilə Azərbaycan torpaqları qanunsuz olaraq iki yerə bölünüb. Bu, bolşeviklərin Azərbaycan xalqına qarşı böyük cinayətidir. Ona görə də, Azərbaycan öz ərazilərinin hər iki tərəfində təhlükəsizliyi təmin edəcək bağlantının olmasını istəyir. Bu da Azərbaycan dövlətinin strateji məqsədidir.