Ölkəmizdə enerji daşıyıcılarının qiymətinin qalxması sosial müavinətlərlə bağlı məsələyə daha ciddi təsir edib. Sözsüz ki, enerji daşıyıcılarının qiymətində olan artım mövcud bazar qiymətlərinə təsir edir. Paradoksal hal odur ki, benzinin qiymətində olan 10 qəpiklik artım, dizelin qiymətindəki 20 qəpiklik yüksəliş digər məhsulların qiymətində 30 faiz, bəzən də iki dəfə daha çox bahalaşmaya yol açıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Əli Məsimli deyib.
O qeyd edib ki, enerji daşıyıcılarında olan qiymət dəyişimindən sui-istifadə halları mövcuddur:
“Bu ildən Rəqabət Məcəlləsi artıq qüvvəyə minib. Məhz bu amilərə qarşı Rəqabət Məcəlləsinin reallaşma mexanizmini daha tez işə salmaq lazımdır. Nəticədə süni şəkildə qiymətlərin artımının qarşısı ciddi şəkildə alınmış olacaq”.
Millət vəkili təbii qiymət artımı ilə, süni qiymət artımı arasındakı fərqə də toxunub:
“Təbii qiymət artımının qarşısını almaq mümkün olmur. Çünki bu, daha çox xarici bazarlarla əlaqələdir. Xaricdən alınan məhsullar məhz belə qiymətə idxal edilir deyə qiymət də həmin bazarlara uyğun olur. Eyni zamanda xaricdən idxal edilən məhsul daxili bazarla 10 faiz fərq olduğu halda bəzən inhisarçılar və onlara xidmət edən işbazlar qiyməti 15-20 faiz həcminə qədər qaldırırlar. Hətta bu istiqamətdə 50 faizə qədər artım müşahidə edilir”.
Əli Məsimliyə görə, süni qiymət artımının hər faizi ildə Azərbaycan ailələrinə 600 milyon manatdan çox ziyan vurulur:
“4-5 faiz süni artımı olduqda bu 2,5-3 milyard manata qədər yüksəlir. Beləliklə artan əməkhaqqı, pensiya inflyasiyanın qurbanına çevrilir. Hər bir şəxs almış olduğu köhnə maaşa, pensiyaya nə qədər məhsul ala bilirdisə, təqribən o qədər də yeni məvacib ala bilir. Bəzən də ondan da aşağı səviyyədə yeni maaşı müqabilində mal və məhsul almaq olur. Ona görə də, Rəqabət Məcəlləsinin mexanizmi qısa zamanda işə düşməlidir ki, süni qiymət artımının qarşısı alınsın. Məhz bu kontekstdə artacaq minimum əmək haqqına bu təsirlər az olsun. Gələn ilin əvvəlindən ola bilsin ki, digər sosial ödənişlərin artımı istiqamətində addımların atılması gözlənilir. Bu addımlar atılan zaman artan minimum əməkhaqqının, pensiya və müavinətlərin infylasiyanın qurbanına çevrilməsinin qarşısının alınması üçün çox ciddi tədbirlər görülməlidir. Bununla da artırılan sosial ödənişlər insanların əlavə mal və məhsul almasına xidmət etmiş olacaq”.