7 Avqust 17:36
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaradılması hamının faydasınadır. Bunun üçün dövlətlər müvafiq addımlar atmalıdır. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istəyi müsbət haldır. Dövlətlər əbədi olaraq düşmən kimi qala bilməzlər.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

“Lakin Türkiyə və Ermənistan arasında qeyd-şərtsiz danışıqların aparılması nə dərəcədə davamlı sülh yarada bilər? Sərhədlərin açılması hələ davamlı sülh demək deyil”, - deyə o əlavə edib.

Professor bildirib ki, bu gün Ermənistan konstitusiyasında Türkiyəyə qarşı əsassız ərazi iddiaları var:

“Türkiyənin Şərqi Anadolu hissəsini Ermənistanda “Qərbi Ermənistan” adlandırırlar. Ermənistanın gerbində Ağrı dağının şəkli əks olunub. Eyni zamanda Ermənistanda Türkiyəyə qarşı tarixdə heç bir zaman olmayan uydurma “erməni soyqırımı”ndan, əsassız torpaq və təzminat tələbindən imtina etmirlər”.

Musa Qasımlı hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinin pozulmasına səbəb olan amillər aradan qalxmayıb:

“Bu o deməkdir ki, münasibətlərin normallaşmasına maneə olan yuxarıdakı amillərdən Ermənistan imtina etmir, zaman gəldikdə onu yenidən qabarda bilər. Belə olduğu halda proseslərin Türkiyə üçün nəticəsi necə ola bilər? Nəticə ondan ibarət olacaq ki, Ermənistan-Türkiyə sərhəddi açılsa da, ticarət edilsə də, yenə də rəsmi İrəvan Türkiyəyə qarşı düşmənçiliyindən və həmin əsassız iddialarından əl çəkməyəcək”.

Millət vəkilinə görə, indiki halda Türkiyə ilə Ermənistan arasında imzalanacaq sənəd dəniz sahilində qum üzərində yazılmış yazıya bənzəyəcək:

“Davamlı sülhün olması üçün Ermənistan konstitusiyasında Türkiyəyə qarşı olan əsassız iddialarından, gerbindəki Ağrı dağının şəklindən, uydurma “erməni soyqırımı”, əsassız torpaq və təzminat tələblərindən imtina etməlidir. Bunlardan imtina etmədikcə münasibətlər sağlam təməllər üzərinə keçə və davamlı sülh ola bilməz. Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, Ermənistan Türkiyənin strateji müttəfiqi olan Azərbaycana qarşı da əsassız iddialarından əl çəkməyib, qəbul edilən sənədləri ləğv etməyib. Hesab edirəm ki, Türkiyə Ermənistanla münasibətlərdə bu amili də nəzərdən qaçırmamalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər