Azərbaycanda bir qrup tibb mütəxəssisi COVİD-19 pandemiyasi ilə mübarizəyə aid təkliflərlə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.
Teleqraf.com-un məlumatına görə, müraciət müəllifləri pandemiyanın gedişində görülən tədbirləri və buraxılan bəzi yanlışlıqları sadalayır, sonda təkliflərlərlə çıxış edirlər.
Onlar yaxın on gündə karantin tədbirlərinin yumşaldılması və sonrakı dövr üçün fəaliyyət proqramına əlavələr olunmasını təklif edirlər. Müraciətdə daha sonra deyilir:
"Bütün COVID-19 testləri və müayinələrin, o cümlədən, özəl laboratoriyalarda aparılan testlərin dövlət hesabına aparılmasını və tibbi maskaların pulsuz paylanılmasını vacib hesab edirik.
Aptek şəbəkələrinin COVID-19 xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş dərman preparatları ilə təchizatı, süni qiymət artımına ciddi nəzarət təmin edilməsini məsləhət görürük.
Əhalinin karantin (əks-epidemik) davranışlarına ciddi riayət etməsi üçün təsirli maarifləndirici və inzibati tədbirlərin (o cümlədən ictimai qınağın vacibliyinin təbliği) gücləndirilməsini müvafiq hesab edirik.
Bu ilin avqustun 5-dən sonra karantin rejiminin xeyli yumşaldılmasını (“evdə qal!” rejiminin ləğvi, çimərliklərin açılması və rayonlara test-neqativ insanların səfərlərinə icazə verilməsi) və yuxarıda sadalanan mexanizmlər üzrə ciddi rejimli əks-epidemik davranışların tətbiqinin daha da sərtləşdirilməsini məqsədəuyğun hesab edirik.
Karantin yumşaldıqdan sonra bütün qapalı məkanlarda, ictimai nəqliyyat vasitələrində, ictimai iasə müəsisələrində, istehsal müəssisələrində, inzibati və özəl binalarda, idman obyektlərində insanların əks-epidemik davranış qaydalarını ehtiva edən təlimatların hazırlanmasını və onların insanlara əlçatanlığının təmin olunmasını tövsiyə edirik.
Qapalı sahələrin, obyekt və müəssisələrin ölçülərinə, sahəsinə uyğun insanların maksimal sayı, əks-epidemik (karantin) davranışları (giriş və çıxışda bədən temperaturunun ölçülməsi, üzbənd (maska), zərurət olduqda birdəfəlik baxil geyilməsi, sosial məsafə gözlənilməsi, əllərin dezinfeksiyasının təmini və s.) prinsiplərinin işlənilməsini və bu istiqamətdə müvafiq təlimatlar hazırlanması üçün birgə əməkdaşlığı məqsədəuyğun hesab edirik.
COVID-19 xəstələrinin müalicəsı yalnız patogenetik istiqamətdə, ÜST təlimatlarına müvafiq aparılmalıdır. ÜST-ün təlimatlarında və müalicə protokollarında qeyd edilməyən antiviral dərman preparatlarının (arbidol, ergoferon, favipiravir, avifavir və sairə), antibiotiklərin əsaslandırılmadan istifadəsinin məqsədəuyğun olmaması haqqında tibb mütəxəssislərinin və əhalinin məlumatlandırması istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirik.
Mediada əhalinin COVID-19 ilə qorxudulma yanaşmasını məqsədəuyğun hesab etmirik. Xəstələrin 80 faizinin xəstəliyi simptomsuz, yüngül və orta ağrlıqda keçirdiyini nəzərə alaraq, insanlara qorunmağın vacibliyi anladılmalı, lakin qorxudulma istiqamətində təbliğat dayandırılmalıdır. Ölənlərdən çox sağalananlar haqqında təbliğat daha məqsədəuyğundur. Əhalinin tibbi-psixi reabilitasiyası istiqamətində kompleks tədbirlərin (psixo-emosional sarsıntıların, depressiyaların, panik vəziyyətlərin aradan qaldırılması və önlənməsi) aparılması üçün müvafiq addımlar (kütləvi təbliğat, psixoloqların, cəmiyyətə nüfuz imkanı olan ictimai fiqurların, mütəxəssislərin və tibb alimlərinin prosesə cəlb olunması) atılmasını məqsədə müvafiq hesab edirik.
Xüsusi rejimli koronavirus xəstəxanalarının COVID-19 xəstələrinin müalicəsinə yararlığının yenidən müəyyənləşdirilməsi, havalandırma sistemi məqbul olmayan xəstəxanaların, xüsusilə tədris müəssisələrinin (Tibb Universitetinin terapevtik və cərrahi klinikaları, Bakı Sağlamlıq Mərkəzi) asan dezinfeksiya oluna və havalandırıla bilən sadə tikintilərdə yerləşdirilməsi mümkün olan mobil, səyyar xəstəxanalarla əvəz edilməsini vacib hesab edirik.
Poliklinikalarda yaradılmış xüsusi qərargahlar vasitəsilə COVID-19 xəstələrinin monitorinqi, ambulator müalicəsinin təşkili və icrası istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini, həmin qərargahlara rəhbərliyin xüsusi rejimli koronavirus xəstəxanalarında işləmiş həkimlərə həvalə edilməsini zəruri hesab edirik.
Həkimlərin, tibb işçilərinin və evdə müalicə olunan xəstələrin distansion diaqnostik-müalicəvi konsultasiyası üçün Nazirlər Kabineti, TƏBİB və ya Səhiyyə Nazirliyi yanında onlayn mərkəzin açılmasını və həmin mərkəzdə infeksion xəstəliklər üzrə mütəxəssislərin 24/7 rejimində işləməsinin vacibliyini məqsədə müvafiq hesab edirik.
Tibbi hospitalizasiya yalnız COVID-19-a yoluxanlarda təsdiq olunmuş fəsadlaşma (ağırlaşma) əlamətləri meydana gəldikdə aparılmalıdır. Fəsadlar (ağırlaşmalar) olmadıqda, diaqnostik testlərin nəticələrin müsbət olması, yüksək hərarət və digər hallar xəstənin ev şəraitində izolyasiya edilməklə poliklinika (sahə, ailə) həkiminin nəzarəti altında ambulator müalicəsi ilə kifayətlənməlidir.
Azərbaycan Respublikası Prezidentinin COVID-19 ilə mübarizədə iştirak edən tibb işçilərinin vəzifə (taarif) maaşlarının 3-5 mislinədək müddətli Prezident əlavəsi verilməsi haqqında sərəncamının (18 mart 2020-ci il) və onun əsasında Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli qərarının icra vəziyyətinin yoxlanılmasını təklif edirik. Bir çox hallarda Sərəncamın və müvafiq Qərarın icrası doğru yerinə yetirilmir, müddətli Prezident əlavəsinin ödənilməsində ciddi ləngimələr, Əlavənin tam həcmdən dəfələrlə aşağı həcmdə ödənilməsi barədə çoxsaylı şikayətlər və məlumatlar mövcuddur. Bu şəraitdə, aylarla COVID-19 xəstələri ilə üzbəüz qalan, onların müalicəsi naminə gecə-gündüz ağır zəhmət çəkən həkimlərə, tibb və texniki yardim işçilərinə onların haqq etdiklərini vermədən xaricdən gətirilən mütəxəssislərə dəfələrlə artıq maaşların ödənilməsini yolverilməz hesab edirik. Bu qərarların tibb ictimayyəti və yerli alimlərlə məsləhət aparılmadan məmurlar tərəfindən qəbul edilməsi Azərbaycan həkimlərinin, tibb işçilərinin aşağılanması və onların zəhmətinin doğru dəyərləndirilməməsi kimi qiymətləndirildiyindən qarşısı təcili alınmalıdır.
COVID-19 xəstələrinin müalicəsində iştirak etmiş və edən, peşə vəzifələrini yetirərkən yeni növ koronaviris infeksiyasına yoluxaraq müalicə olunmuş, müalicəsi davam edən və COVID-19 xəstəliyindən vəfat etmiş həkimlərin, tibb və texniki yardım işçilərinin sosial müdafiəsinin təşkili, hüquqi statusunun (sərti olaraq, Azərbaycan Respublikasının Fədakar tibb işçisi (həkimi), Azərbaycan Respublikasının Qəhrəman tibb işçisi (həkimi) (ölümündən sonra)) müəyyən edilməsi ilə bağlı hökumətin xüsusi proqramının hazırlanmasını və MM-də qəbul edilməsi istiqamətində işlərə başlanılmasını mühüm məsələlərdən biri hesab edirik.
SARS-COV-2 infeksiyasının profilaktikasında və COVID-19 xəstələrinin müalicəsində istirak edən epidemioloqların, həkimlərin, tibb və texniki işcilərin, tibb və biologiya alimlərinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, səhiyyə və sanitar-epidemioloji müəssisələrin, elmi-tədqiqat institutlarının və onların bu infeksiya ilə mübarizədə fəal iştirak edən rəhbər heyətinin, əməkdaşlarının, həmçinin müvafiq səhiyyə və tibb müəssisələrinin dövlət səviyyəsində mukafatlandırılması istiqamətində zəruri addımlar atılmasını məqsədəuyğun hesab edirik.
15 sentyabr tarixinədək ictimai yerlərin (ticarət obyektləri, restoranlar, şadlıq və mərasim evləri, təhsil müəssisələri, otellər və istirahət mərkəzləri və s.) fəaliyyəti hazırda bağlı olduğu kimi qapalı qalmalıdır. Banklar, apteklər, marketlər hazırda olduğu qaydalarla əks-epidemik davranışlara ciddi əməl olunmaqla fəaliyyətlərini davam etdirməli, parklar, çimərliklər və idman obyektləri istifadəyə açıq olmalıdır. Əhalinin ölkə daxilində gediş-gəlişinə maneələr aradan qaldırılmalıdır.
Yuxarıda qeyd etdiyimiz təkliflərin yerinə yetirilməsi sərt karantin tədbirlərinin, karantin rejiminin, xüsusilə “Evdə qal!” kompaniyasının dayandırılmasına əsaslar yarada bilər. Dünya ölkələri ilə müqayisədə Azərbaycan Respublikasında COVID-19-a yoluxanlar arasında son 5 ay ərzində ölüm faizinin davamlı surətdə xeyli az olduğunu (1,2-1,3%) nəzərə alaraq karantin rejimi qaydalarının xeyli yumşaldılması şəraitində əks-epidemik davranışların ciddi tətbiqini təklif edirik.
COVID-19 pandemiyası ilə mübarizədə dünya ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsi və ölkəmizdə istifadəsini məqbul hesab edirik.
Xüsusi rejimli koronavirus xəstəxanalarında COVID-19 xəstələrinin müalicəsi üçün ölkəmizə dəvət edilmiş həkimlərin yerli həkimlərlə birgə fəaliyyətinin yerli alimlərin və mütəxəssislərin ciddi nəzarəti altında keçirilməsini vacib hesab edirik.
COVID-19-dan ölən xəstələrin patoloji-anatomik müayinəsinin geniş tətbiqi və bu sahadə geniş elmi-tədqiqatların aparılmasını vacib hesab edirik.
Həkimlərin, tibb işcilərinin və texniki yardım işcilərinin COVID-19 ilə yoluxma hadisələrinin səbəblərinin (oteldaxili və xəstəxanadaxili yoluxma, təhlükəsiz texnikası qaydalarına riayət edilməməsi, fərdi bioloji qoruyucu vasitələrlə təminatsızlıq və b.) araşdırılması və aradan qaldırılması istiqamətində əməli fəaliyyət göstərilməsi, SARS-COV-2 infeksiyasına yoluxmuş tibb işçilərinin müalicəsi və xəstəxana şəraitləri ən yüksək səviyyədə təmin edilsin. İnfeksiyaya yoluxmuş həkimlərin, tibb və texniki yardım işçilərin müalicəsi üçün ayrıca xəstəxananın ayrılmasını tövsiyə edirik".
Professor Adil Qeybulla,
Professor Vüqar Məmmədov,
Professor Mübariz Əliyev,
Professor İlham Əhmədov,
Professor Şahbaz Şahbazov,
Dosent Ədalət Rüstəm,
Dosent Tanrıverdi Rzayev,
Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl,
Tibb üzrə fəlsəfə doktoru Fəxrəddin Məmmədov
Tibb üzrə fəlsəfə doktoru Mahmud İsmayılov,
Radiologiya uzmanı Aydın Əliyev
İctimai-siyasi fəal Qorxmaz İbrahimli