Ötən gün 2020-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb, 77 yaşlı amerikalı şairə Luiza Qlük Nobel mükafatına layiq görülüb.
Teleqraf.com Azərbaycan yazarlarının yeni Nobel mükafatçısı ilə bağlı fikirlərini öyrənib.
Yazıçı Şərif Ağayarın sözlərinə görə, Nobel mükafatçıları təsadüfən seçilmir: “Nobel elan olunmazdan bir neçə saat əvvəl proqnozları oxudum. Qeyd olunmuşdu ki, mükafatı ard-arda üç roman yazarı aldığına görə bu il şairə verilmə ehtimalı yüksəkdir. O ehtimal özünü doğrultdu.
Bütün mükafatlar şərti xarakter daşıyır, eləcə də Nobel. Demək, seçilən şəxsi hamıdan yaxşı şair, yaxud yazıçı hesab etmək yanlışdır. Adonis Bob Dilandan çox-çox böyük şairdir. Yaxud, Milan Kundera Kazuo İşiqurodan daha böyük yazıçı və ədəbiyyat adamdır. Ancaq nə Adonisə, nə Kunderaya Nobel verilməyib.
Laureat müəyyənləşən zaman namizədin sənətkarlığı ilə yanaşı onun cəmiyyətə təsiri, siyasi mövqeyi, hətta milli-dini kimliyi nəzərə alına bilər, amma Nobel heç vaxt istedadsız adama verilmir. Ədəbi meyarlar mütləq şəkildə nəzərə alınır. Nobelin qərarı çox vaxt mübahisə doğursa da zaman keçdikcə mükafatın təsadüfi adama verilmədiyinin şahidi oluruq.”
Yazıçı hesab edir ki, yeni laureat Luzia Qlük artıq Azərbaycan ədəbi mühiti üçün tanınmaz imza deyil: “Haqqında oxumuşuq. Rusiyada, Türkiyədə kitabı çıxıb. 2004-cü ildə şair Səməd Qaraçöp onun şeirlərini tərcümə edib, “Xəzər” jurnalında çap edilib.
Bütün hallarda Nobel Komitəsinin seçiminə ədəbiyyat adamları - razılaşan da, razılaşmayan da hörmətlə yanaşır və onunla hesablaşır. İnşallah, yeni laureatı da daha yaxından tanıyıb, oxuyarıq.”
Tanınmış şair, yazıçı Aqşin Yenisey isə fikirləşir ki, yeni laureat tezliklə unudulacaq: “Bob Dilan da Amerika şairi idi. Son dövrlərdə Luiza artıq ikinci amerikalı şairdir ki, bu mükafata layiq görülür. Şeir dünyada az oxunur, üstəgəl, Amerika poeziyası, ümumiyyətlə, heç vaxt aktual olmayıb.
Çox güman ki, bu seçimin də aqibəti Bobun aqibəti kimi olacaq, tezliklə yaddan çıxacaq”.
Şair, esseist Qismət Rüstəmovun fikrincə, Nobelin Luiza Qlüku seçməsində məqsəd poeziyanın yenidən aktuallaşdırılması istiqamətində şairləri də diqqət mərkəzinə çəkməkdir:
“Dünyada yaxşı şairlər həmişə az olur və son illərdə poeziyanın oxucu kütləsi azalıb. Hesab edirəm ki, Bob Dilandan üzü bəri bir neçə ildir Nobel Komitəsində poeziyanın yenidən aktuallaşdırılması istiqamətində şairləri diqqət mərkəzinə çəkmək istəyirlər.
Bu mənada bəzilərinin şair, bəzilərinin müğənni hesab etdiyi, mətnlərini tam şeir yox, musiqi mətni hesab etdikləri Bob Dilana mükafat, məncə, ona görə verilmişdi ki, populyar sima idi. Dediyim kimi, həm də məqsəd poeziyanıpopulyarlaşdırmaqdı.
Sözün düzü, sonuncu Nobel mükafatçısını tanımırdım. Bir az araşdırdım, O, Amerikadakı dar intellektuallar klubunun çevrəsində kifayət qədər tanınan və çox ciddi qəbul olunan biridir. Hazırda bizim mühit üçün tanış imza deyil. Mən də ilk dəfədir adına rast gəlirəm.
Amma sevindiricidir ki, poeziya dünayda aktuallaşacaq və yenidən gündəmə gələcək”.