21 Oktyabr 2020 09:27
2 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Professsor, dünyada, o cümlədən Azərbaycanda hazırkı yüksək yoluxma statistikasının səbəbi nədir? Vətəndaş məsuliyyətsizliyi, yoxsa payız fəsli?..

- Biz daha əvvəl demişdik, payız-qış mövsümü gəlir. Soyuq fəsillər bütün respirator viruslarının, yəni tənəffüs yolu ilə yayılan xəstəliklərin aktivləşmə dövrüdür. Soyuq hava yuxarı tənəffüs yollarının selikli qişasının müdafiə qabiliyyətini zəiflədir. Ona görə də soyuq havalarda bütün tənəffüs infeksiyaları aktivləşir. COVID-19 tənəffüs yolu xəstəliyi olduğu üçün onun da aktivləşməsi gözlənilirdi.

Özünüz görürsünüz ki, dünyada hansı hadisələr baş verir... Doğrudur, biz hələ ki, ölkədə o qədər də soyuq hava müşahidə etmirik, hələ yeni başlayır. Amma bu artım qanunauyğun bir şeydir.

Əgər soyuq hava olursa, özümüzü daha yaxşı qorumalıyıq. Orqanizmimiz bu xəstəliklərə qarşı daha çox həssasdır. Ona görə qorunma tədbirlərinə daha ciddi riayət etmək lazımdır. İlin isti fəsilləri tənəffüs infeksiyalarının sönməsi dövrüdür, infeksiyaların aktivləşdiyi dövrdə maskadan daha ciddi istifadə etmək lazımdır. Bu barədə dəfələrlə məlumat verilib, maska, sosial məsafə və əl gigiyenası mütləqdir.

Əgər insanlar bu qaydalara çox ciddi əməl etsələr, xəstəliyi yenidən kontrola ala bilərik. Doğrudur, xəstəlik hələ nəzarətdən çıxmayıb, amma yoluxma sayları artmaqdadır və bu narahatlıq doğurur.

- Yoluxma statistikasının artmasına test sayını çoxaldılması da təsir edə bilərmi?

- Test sayı kiminsə qərarı ilə tənzimlənmir. Gündəlik test sayları dəyişə bilir və lazım olan kontingentdən test götürülür. Bu gün ola bilər ki, 3 min nəfərin test olunmasına ehtiyac var, sabah bu rəqəm 5 min olar. Bu, xəstələrin, müraciətlərin və COVID-19-a yoluxmuş şəxslərin təmasda olduğu insanların sayına görə dəyişir. Test sayını heç kim əvvəlcədən müəyyənləşdirmir.

- Bu haqda çox danışmışıq, amma hələ də qriplə koronavirusu ayırd edə bilməyənlər var. Bu iki virusu ayırmaq üçün əsas hansı əlamətlərə diqqət edək?

- Tənəffüs yolu infeksiyalarını biri-birindən kliniki əlamət cəhətdən ayırımaq çox çətindir. Biz əlamətə görə qrip, qripəbənzər xəstəlik və ya başqa virusdur deyə bilmərik. Əlamətlərin çoxu eynidir.

Respirator əlamətləri deyilən anlayış var, asqırma, öskürmə, burun qıcıqlanması, boğaz ağrısı, hərarət və sairə... Tənəffüs infeksiyalarının əksəriyyətində bu əlamətlər olur. Pandemiya dövrü olduğuna görə, bu əlamətlər COVID-ə şübhəli hesab olunur və belə şəxslərə potensial COVID-19 xəstəsi kimi baxırıq. Onların COVID-19 analizindən keçməsi məsləhət görülür. Müəyyən aspektlər vasitəsilə ayırd edirik ki, o, koronavirus xəstəsidir, ya başqa virusa yoluxub.

- Hazırda xəstəlik hansı yaş qrupları arasında üstünlük təşkil edir?

- Bunu demək çətindir. Biz daha çox risk qrupunda olan şəxslərə ehtiyat edirik. 65 yaşdan yuxarı, xroniki xəstəliyi olan, mütəmadi insanlarda təmasda olan şəxslər - həkimlər, müəllimlər və başaları risk qrupu sayılır. 65 yaşdan yuxarı və yanaşı xəstəliyi olan şəxslərdə xəstəliyin ağırlaşması, pnevmoniya riski çox olur. Bu kontingent bizi daha çox narahat edir.

Hazırda xəstəlik uşaqlardan başlamış, yaşlı şəxslərə qədər hamıda rast gəlinə bilir. Elə insan var ki, simptomsuz, əlamətsiz keçirir, bilə bilmərik ki, onda COVID-19 var, ya yox. Onlar daha təhlükəlidirlər, bilmədən xəstəliyin daşıyıcısı rolunu oynayıb, infeksiya mənbəyi olurlar.

- Dünyada ikinci dalğa müşahidə edilsə də, ölüm faizi aşağıdır. Buna virusun mutasiyası deyə bilərikmi?

- Xeyr, mən bunu mutasiya ilə əlaqələndirmirəm. Bir neçə ay əvvəl mutant virus aşkarlandı. Bu, ancaq virusun kontagiozluğunu artırır, yəni virusun yoluxdurma qabiliyyətini gücləndirir. Amma virusun xəstəliyi ağır və ya yüngül keçirmə xüsusiyyətlərində hələ ki, rəsmi olaraq bir dəyişiklik izlənməyib.

Ölüm saylarının azalmasının səbəblərindən ən başlıcası odur ki, artıq xəstəliyin müalicəsi ilə bağlı müəyyən uğurlar qazanmışıq. Bu xəstəliyin xüsusiyyətlərini tədricən dünya həkimləri başa düşməyə başlayır. Fəsadlaşmaların qarşısının alınması üçün daha effektli müalicə tətbiq olunur. Bu da ölüm faizinin nisbətən azalmasına təsir edir.

Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respblikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Evdə qal, ətrafını qoru” layhəsi çərçivəsində hazırlanıb.


Müəllif: Aysel Azad