3 Dekabr 2020 09:32
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırkı yoluxma statistikasında pik hədd haqqında danışmaq olmaz. Əgər yoluxma saylarında bir həftə ərzində artım müşahidə olunmasa, bunu pik hədd adlandıra bilərik. Hər gün artım baş verirsə, deməli, hələ pik həddə çatmamışıq. Proses bütün dünyada belədir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

COVID-19-a yoluxub, sağalan insanlarda immunitetin yaranması haqqında danışan professor bildirib ki, əhalinin 25 faizində virusa qarşı immunitetin formalaşması gözlənilir:

"Əlimizdə tam məlumat yoxdur ki, nə qədər şəxsdə immunitet yaranıb. Paralel olaraq vaksindən istifadə edib, virusa qarşı immunitet sayını artıra bilərik. Bununla da insanların üçdə iksində virusa qarşı immunitet formalaşacaq.

Hazırda virus mutasiyaya uğradığı üçün yoluxma tezliyi çoxalır. Vaksinasiya barədə tam dəqiq məlumat yoxdur. Amma ən təhlükəsiz, ən effektli vasksinlər vaxtında Azərbaycana gətiriləcək".

Akif Qurbanovun sözlərinə görə, xəstəlikdən sağalanlar arasında təkrar yoluxma halları qeydə alınıb: "Bu barədə müşahidələr var, amma elmi nəticəyə gəlinməyib. Biz elmi nəticəyə gəlmək üçün elmi müşahidələr aparmalı, analizlər etməliyik. Doğrudur, bu gün ölkəmizdə təkrar yoluxma halları var. Amma bunun necə baş verməsi sual doğurur. Bəzi şəxslərdə təkrar yoluxma ağır, bəzilərində yüngül, bəzilərində isə simptomsuz gedir. Yeni yoluxma halları müəyyən sayda olmalıdır ki, statistikasını aparıb, məlumat verə bilərik. Hələlik yoluxmuş şəxslər maska taxmalıdırlar. Bütün profilaktik tədbirlər onlara da aiddir".

Professor açıq havada maska taxmağın vacibliyindən də danışıb: "Biz açıq havada maskanı çıxarmadan gəzirik. Qarşımıza çıxan şəxs nəsə soruşduğu zaman maskanı taxmağı unuduruq və təmas başlayır. Bu səbəblə maska mütləqdir. Nəzərə alaq ki, virus 2-9 gün səthlərdə yaşayır. Günəş şüası varsa, virusun məhv olmasına bir saat kifayət edir. Amma günəş düşməyən yerlər, nəm şəraitdə virus 9 günə qədər yaşaya bilər".


Müəllif: Aysel Azad