Əgər ailədə bir adam COVID-19 virusuna yoluxubsa, sözsüz ki, digər ailə üzvləri də yoluxub. Ailə üzvlərindən analiz götürülmə vaxtından asılı olaraq cavab yanlış çıxa bilər. Bu səbəbdən digər şəxslərdən xəstəliyin 2-4-5-ci günlərində analiz götürülməsi tövsiyə olunur.
Bu fikirləri Teleqraf.com-a pulmonoloq Əlizamin Sadıqov deyib.
Pulmonoloqun sözlərinə görə, xəstəliyi simptomsuz keçirənlər 10 gün, əlaməti olan xəstələr isə 14 gün evdə qalmalıdırlar:
“Yoluxanların 80 faizi xəstəliyi simptomsuz keçirir. Koronavirusun tüğyan etdiyi zamanda qripdən söz gedə bilməz. Ən azından hər kəs maskadan istifadə edir. Məhz bu səbəbdən əlaməti olub, test nəticəsi neqativ çıxan hər kəsə COVID daşıyıcısı kimi baxılmalıdır. Qeyd edim ki, adi qrip COVID-dən fərqlənmir. Aradakı yeganə fərq koronavirusa yoluxma zamanı dadbilmə və iybilmə qabiliyyətlərinin itməsidir. Temperaturun 37,4-ə qədər qalxması norma sayılır. Əgər başqa əlamətlər varsa, onda patologiya sayıla bilər”.
Pulmonoloq bildirib ki, asimptomatik COVID xəstələrinə heç bir müalicə lazım deyil, sadəcə 10 gün evdə qalmaları kifayətdir:
“Yüngül əlamətləri olan xəstələrə də müalicə lazım deyil,14 gun evdə qalmaları və bol maye qəbul etmələri yetər. Ancaq yaşlı, risk qrupuna aid xəstələrə antiviral ve antikoaqulyant müalicə təyin olunur. Antiviral dərmanlardan arbidol, erqoferon, tamiflunu boş yerə qəbul etməyin, heç bir təsiri yoxdur. Yalnız favipravir tam təsdiqini tapmasa da xəstəliyin erkən fazalarında 8 -ci gününə qədər təyin etdikdə effekt verir.
Təngnəfəsliyi olan ağır xəstələrə respirator distress sindromunda, sitokin qasırgasında favipravir təsir etmir, burada remdesevir öz effektliyini tam təsdiqləyib. Xəstəliyin 8-ci günündən inkubasiya olmayanlara 5 gün, inkubasiya olanlara 10 gün təyin olunur və çox effekt verir”.
Əlizamin Sadıqov xəstələrin vitamin qəbuluna da toxunub: “Bütün həkimlər yüksək dozada vitamin C yazırlar. Ancaq bu, düzgün deyil. Onsuz da bu virus qanı laxtalandıraraq ağciyər, artervenoz trombozunu, insult, infarkt riski yaradır. Bu yandan da böyük dozada vitamin C qanı qatılaşdırır. Ümumiyyətlə, vitamin C-nin patogenetik təyini də mənasızdır, çünki o ancaq kollagen yaradır.
Yalnız təngnəfəslik hallarında kompüter tomoqrafiya etmək lazımdır. Asimptomatik xəstədə kompüter tomoqrafiya 20 faizə qədər zədələnmə göstərərsə, heç nə etmək lazım deyil, özü sovrulacaq. Ümumiyyətlə, təngnəfəslik verməyən fibroza müalicə lazım deyil”.