31 Dekabr 2020 16:24
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günlərində istehlak etdiyimiz müəyyən qidalar riskli qida məhsulları sırasına daxildir. Bu qidalar arasında balıq, toyuq, ət, eyni zamanda mayonezlə, yumurta ilə hazırlanan yeməklərdə xüsusilə diqqət etməli məqamlar var.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib:

“Çox vaxt bayram axşamında süfrəni balıqla bəzəyirik. Balıq riskli qida olduğu üçün onu seçdiyimiz zaman diqqətli olmalıyıq. Təbii ki, balığın gözü şəffaf, qəlsəmələri qırmızı olmalıdır. Bəzən işbazlar balığın qəlsəmələrini çuğundur suyu ilə qızardırlar, buna diqqət yetirmək lazımdır. Balığın pullarını dartdığımız zaman qopmamalıdır. Barmaqla onu əzdiyimiz zaman batıq qayıdıb yerini almalıdır.

Riskli qidaları bişirib, süfrəyə təqdim etdiyimiz zaman diqqət edəcəyimiz məqamlardan biri odur ki, ət məhsulları alaçiy bişməməlidir, tam bişməlidir. Bu yeməklər süfrəyə isti verilməlidir. Qonaqlar gəlməzdən əvvəl riskli qidaların süfrəyə düzülməsi və ya süfrədə çox qalması doğru deyil. Nəzərə alsaq ki, süfrəyə riskli qida məhsullarını qonaqlar gəlməzdən 10-15 dəqiqə əvvəl düzürük və 2-3 saat ərzində süfrədə qalır. Əgər riskli qidalar 3 saatdan çox süfrədə qalarsa, qida dəyərini itirir. İkinci dəfə isidərək istehlak edilən zaman isə qida zəhərlənməsi baş verə bilər”.

Ağa Salamov bayram süfrəsində israfçılıq etməmək üçün yemək hazırlanmazdan əvvəl porsiya sayına önəm verməyi vacib sayır: “Təbii ki, bayramdan sonraya qalan yeməklər olur. Biz onları növbəti günlərdə istehlak etmək üçün düzgün şəraitdə saxlamalıyıq. Əgər yemək 3 saatdan artıq süfrədə qalıbsa, onu atmalıyıq. Bu qidaları soyuducuda saxlayaraq 48 saat ərzində istehlak edə bilərik. İsrafçılıqdan yayınmaq üçün yaxşı olar ki, qonaqların sayına görə yeyiləcək qədər alış-veriş edilib, yeməklər hazırlansın”.

Mütəxəssis bayram süfrəsi üçün dondurulmuş məhsulların hazırlanmasına da toxunub: “Çox vaxt buzluqda qalan qida məhsulları olur ki, onların buzunu açmaq üçün gecədən bu ərzaqları otaq temperaturunda saxlayırıq. Bu, yanlış addımdır. Zəhərlənmələrin qarşısını almaq üçün dondurulmuş məhsulları əvvəlcədən, yəni soyuducunun müsbət dərəcədə olan bölümündə 72 saat müddətində buzunu aça bilərik. Əgər otaq temperaturunda təcili hər hansı məhsulun buzunu açmaq istəyiriksə, axar su altında 90 dəqiqə, maksimum 2 saat ərzində buzu açılmalıdır.

Əks halda məhsulun üst qatı açılır, içi buzlu qalır və mikroorqanizmlərin çoxalmasına səbəb olur. Buna görə də soyuducudan çıxarılan məhsul maksimum 2 saat ərzində bişirilib süfrəyə təqdim olunmalıdır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər