Pandemiya başladığı dövrdən karantin tədbirləri bəzi sahələrin fəaliyyətini dayandırdı. Bu müddət ərzində ən çox təsirlənən sektorlardan biri də alış-verişlə gəlir əldə edənlər oldular. Mağazaların bağlanması səbəbilə insanlar onlayn alış-verişə üz tutdular. Sərfəli və keyfiyyətli alış-veriş etmək istəyənlər ölkəxarici alış-verişə üstünlük verdilər.
Ötən həftə xaricdən məhsul gətirən daşıyıcı şirkətlərdən birinin hesabına haker hücumu nətiəsində insanlara qeyri-etik mesajlar göndərildi. Bu zaman müştəriləri təşvişə salan bir məqam ortaya çıxdı: Məlumatlarımızın məxfiliyi nə dərəcədə qorunur? Şirkətlərə etibar edə bilərikmi?
Teleqraf.com bu və digər suallarla bağlı araşdırma aparıb.
Mövzu ilə bağlı İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, müştərilərin məlumatlarının məxfiliyinin qorunması qlobal problemdir. Onun sözlərinə görə, dünyada vaxtaşırı müştəri məlumatları oğurlanır və sızdırılır: “Bunun qarşısını almağın yalnız bir yolu var. Təhlükəsizlik tədbirləri gücləndirilməli, çox mürəkkəb sistem tətbiq olunmalıdır. Məsələn, kimsə logistika şirkəti qurmaq istəyir, lakin proqramçılar bu sistemi hazırlamır. Şirkətlər az pul xərcləmək naminə mürəkkəb işləri görəcək proqramçıları cəlb etmirlər.
Bu nöqteyi-nəzərdən frilanes işləyən, kiçik, peşəkar olmayan komandalar işi öhdəsinə götürür. Hazırladıqları proqram təminatları da görünən problemləri yaradır. Peşəkar, sertifikasiyası olan IT şirkətləri cəlb olunmalıdır. Bunların hazırlanması sahibkarlara baha başa gəlir”.
Fərid Kazımovun fikrincə, problemlərin baş verməməsi üçün vətəndaşlar hər hansı xidmətdən istifadə etməzdən əvvəl onun təhlükəsizlik meyarları ilə yaxından tanış olsunlar: “Çünki bir neçə proqramçının hazırladığı saytla insanlara təhlükəsizlik təminatı vermək düzgün deyil. Xaricdə belə platformaları yaratmaq üçün proqramçıya 1 milyondan yuxarı məbləğ ödənir. Bu saytların daha dayanıqlı işləməsi, təhlükəsizliyinin qorunması üçündür. Təssüflər olsun ki, Azərbaycanda belə hallar nəzərə alınmır. Kustar formada biznes qurmağa çalışırlar. Müştərilərin məlumatlarının sızdırılması artıq trend halını alıb”.
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, onlayn alış-veriş və buna bənzər hallarda fərdi məlumatları qoruyan tərəf hər zaman məsuliyyət daşıyır:
“Məlumatların onların səhlənkarlığı nəticəsində oğurlanması, yaxud özləri tərəfindən ötürülməsi qanunvericiliyə uyğun məsuliyyət yaradır. Təbii ki, ona qarşı mülki iddia vermək olar. Bu, ciddi problemdir. Elektron sistemdə hər zaman haker hücumları olur. Tərəfin borcudur ki, etibarlı sistem yaratsın. Əks halda, insanların bank məlumatları oğurlana, şəxs maddi ziyana düşə bilər. Bununla yanaşı, təchizatçının adından feyk saytlar yaradılır. İnsanlar aldanıb ora məlumatlarını yerləşdirib, əməliyyatlar aparırlar. Bu zaman da onların kart bilgiləri oğurlanır. Bu kibercinayətlər kateqoriyasına aid məsələdir. Yəni vətəndaşın özü də işi görəcəyi şirkəti əvvəlcədən araşdırmalı, məlumatları etibar etməzdən öncə onun təhlükəsizliyindən əmin olmalıdır”.
Ölkəmizdə əvvəllər də onlayn alış-veriş var idi. Maraqlıdır, pandemiya dövründə artan tələbat ölkə iqtisadiyyatına necə təsir edib?
İqtisadçı Natiq Cəfərli deyir ki, ölkəmizdə onlayn alış-veriş sisteminin təşkilində ciddi problemlər var: “Onlayn alış-veriş son 10 ildə ən sürətlə inkişaf edən sahədir. Pandemiya bu sürətin xeyli artmasına səbəb oldu. Azərbaycan hələ dünyada gedən trendlərdən geri qaldığına görə, pandemiya dövründə insanlar onlayn alış-verişi öyrənməyə, bundan istifadə etməyə başladılar. Bu da həm altyapı çətinlikləri yaratdı, həm də hələ bizim kommersiya qurumlarımız buna tam hazır deyildi. Yeni-yeni altyapı çalışmaları qurdular. Normal çalışan saytlar istifadəyə verildi. İnsanların bu sahədə marağının və inkişafının artmasına səbəb oldu.
Bəzi qərarlar da verildi ki, bunlar pandemiya dövründə yanlış, məntiqsiz qərarlar idi. Bunlardan biri də Gömrük Komitəsinin təşəbbüsü ilə xaricdən sifarişlərin limitinin ay ərzində 1000 dollardan 300 dollara endirilməsi oldu. Bu, tamamilə yanlış qərar idi. Çünki bütün dünyada bunun əks tendensiyasını müşahidə etdik. Onlayn sifarişlərin həcmi artır, dövriyyə yüksəlirdi. Amma Azərbaycanda tamamilə tərsinə qərar verərək, bu limiti azaltdılar. Bu da onlayn alış-verişin, əsasən də xaricdən gələn məhsulların həcmində azalmaya səbəb oldu.
İndi də qərarın bu vəziyyətdə qalması onlayn alış-verişin qarşısında duran ən böyük maneələrdən biridir. Azərbaycan dünyada gedən trendlərə görə geridə qalıb. Dövriyyədə ötən illərə nisbətən artım var, amma həcm olaraq Rusiya, Türkiyədə olan həcmdən çox-çox geridəyik”.
İqtisadçının fikrincə, onlayn alış-verişin bir sıra müsbət tərəfləri də var: “Bu alış-veriş növü şəffaflığı artıran əsas elementdir. Onlayn alış-veriş zamanı dövriyyəni gizlətmək, vergidən yayınmaq mümkün deyil. Eyni zamanda, əgər normal yanaşma olsaydı, bu sahədə kiçik sahibkarlıq daha çox inkişaf edərdi. Limitin 1000 dollardan 300 dollara endirilməsini Gömrük Komitəsi izah etdi ki, insanlar sui-istifadə hallarına yol verərək, bundan biznes kimi istifadə edirdilər. Lap yaxşı, onsuz da iş yerlərinin çoxu bağlıdır, işsizliklə bağlı ciddi problem var. Bunun qabağını almaqdansa, bunu inkişaf etdirmək üçün qərarlar verilməli, dövriyyədən düzgün vergi tutmaqla, dövlət büdcəsinə də əlavə xeyir gətirmək mümkün idi.
Gömrük Komitəsi bildirir ki, insanlar 1000 dollarlıq alış-veriş edərək vergi ödəmir, biznes qurur və vergidən yayınma halları olurdu. Bu, əskinə, mənfi cəhət deyildi, onu müsbətə çevirmək mümkün idi. Qanunvericilikdə cüzi dəyişikliklər etməklə 1000 dolları dövriyyəyə cəlb etmək, hətta artırmaq da olardı.
Təklif etmişdik ki, bu limiti 5 000 dollara qədər artırmaq olar. Gömrük rüsumunun dərəcəsi ilə birlikdə 5 faiz vergi qoyulduğu zaman yüzlərlə insan özünə iş qura, dövriyyə ilə büdcəyə əlavə gəlir gətirə bilərdi. Dünyada bu trend varsa, deməli, dünya ölkələri ağılsız deyillər”.