Mətbəxdə olduğumuz zaman əksər hallarda əlcəkdən istifadə etmirik. Maraqlıdır, əlcəkdən istifadənin nə kimi əhəmiyyəti var? Əlcək istifadəsi vacibdirmi?
Mövzu ilə bağlı Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, mətbəxdə istifadə olunan əlcəklər 4 növə bölünür: “Dəmir əlcəklər mətbəxin qəssabxana bölümündə balta ilə, soyuq bölümündə isə sürgü (slider) avadanlığı ilə çalışan aşpazın əllərinin təhlükəsizliyi üçün istifadə olunur.
Yanmayan əlcəklər vasitəsilə sobada bişən məhsulları və isti qazanları rahat şəkildə əli yandırmadan götürmək olar.
Şəffaf əlcəklər hazır yeməyi istər bufetdə, istərsə də "Ala Carte", yəni menyu ilə işləyən mətbəxlərdə servis edərkən istifadə olunur.
Tibbi əlcəklərdən qida məhsullarının ilkin emalı zamanı və hazırlıqların görülməsində istifadə olunur. Tibbi əlcəklər əlləri çirkdən qorumaq üçün yox, qidaların çirklənməsinin qarşısını almaq üçün istifadə olunur. Emal və hazırlıqlar zamanı tibbi əlcəkdən istifadə qida məhsullarını fiziki, kimyəvi və bioloji çirklənmədən mühafizə edir”.
Ağa Salamov əlcəklərin vacibliyindən danışarkən, dırnaqların qida hazırlanmasına yaratdığı təhlükələrdən də söz açıb: “1988-ci ildə Pensilvaniya Universitetinin dermotoloqları bir neçə nəfərin dırnaqlarından nümunələr götürdülər. Dırnaqların arasında təhlükəli bakteriyalar aşkarlandı.
Alimlərin marağına səbəb olan bir məqam da vardı - barmaqların və əlin içində olan bakteriyalarla dırnaqlarda olan bakteriyalar eyni idi. Amma əldə və barmaqlar da olan bakteriya sayı 1000, dırnaqlarda olan bakteriya sayı isə 100 minlərlə idi.
Statistkaya görə, hər il ishaldan ölən milyonlarla insanın ölüm səbəbi dırnaqlardakı bakteriyalardır. Burdan belə nəticəyə gəlmək olar ki, bakteriyalar ən çox dırnaqlarda olur, nəinki əllərdə. Əllər nə qədər yuyulur-yuyulsun tam şəkildə bakteriyalardan təmizlənmir, bunun səbəbi dırnaqlardır.
Mətbəxdə qida məhsullarının soyuq emalı zamanı tibbi əlcəkdən istifadə etmək vacibdir. Sizə deyə bilərlər ki, əlinizin dadı əladır, amma bu o demək deyil ki, siz dırnaqlarınızda olan çirki və bakteriyaları xalqa nümayiş etdirməli və ya yedizdirməlisiniz. Onu da nəzərə olmaq lazımdır ki, artıq biz viruslar əsrində yaşayırıq”.
Mütəxəssis sosial şəbəkələrdə əlcəksiz, saçı açıq, boyalı və uzun dırnaqlarla mətbəxini nümayiş etdirənləri tənqid edib:
“Sosial şəbəkələrdə olan insanlara, ən əsası yeni sənətə başlayan gənclərə bu cür örnək olmaq yol verilməzdir. Ümumiyyətlə, mətbəxə laboratoriya gözü ilə baxmaq lazımdır. Çünki orda qida borusu ilə mədəmizə daxil olacaq yeməklər hazırlanır. Mətbəxə əyləncə gözü ilə baxanlar mətbəxdən nə qədər uzaq olsalar bir o qədər yaxşıdır.
Azərbaycan mətbəxinə giriş sanitar-gigiyena qaydaları ilə mümkündü. Çünki Azərbaycan mətbəxi özü bir elmdir və bütün elmləri özündə cəmləşdirib. Mətəbəximizin tarixini bu elmlərlə birləşdirmək olar:
1. Qida maddələrinin təsnifatına görə təbiət tarixini;
2. Qida maddələrinin meydana gəlmə və xüsusiyyətlərinin incələnməsinə görə fizikanı;
3. Yeməkləri hazırlama və ləzzətli etmə sənətinə görə qida texnologiyasını və mətbəxini;
4. İstehsal etdiyi məhsulun xammalını mümkün olan qədər sərfəli qiymətdən alması və satmaq üçün təqdim etdiyi məhsulu, bazara ən yaxşı şərtlər altında çıxarması üçün iqtisadiyyat elmini özündə cəmləşdirib.
Siyahını uzadıb başqa elmlərlə də birləşdirmək olar”.