COVID-19 virusu zaman keçdikcə ayrı-ayrı ölkələrdə mutasiya keçirir. Hazırda dünyanı qorxudan Delta plus ştammı Hindistanda virusun ikili mutasiyası nəticəsində əmələ gəlib. B1-617.2 adlanan Delta ştammı ikinci dəfə mutasiya keçirib, hətta son məlumatlara görə, artıq Delta plus ştammı da mutasiya keçirir. Dəfələrlə demişik, mutasiya mikroorqanizmlərin bioloji xüsusiyyətidir. Bəzən viruslar insanların özbaşına antiviral preparatlar qəbul etməsi nəticəsində də mutasiya keçirə bilir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.
Onun sözlərinə görə, viruslar mutasiya keçirdiyi zaman zəifləməyə doğru gedirsə, bəzi hallarda Delta ştammında olduğu kimi xəstəliyin yoluxuculuq qabiliyyəti daha da artır:
“Delta ştammının digər COVID-19 virusundan fərqi odur ki, yoluxuculuq qabiliyyəti daha yüksəkdir. Hətta ehtimal var ki, açıq havada da insanlar bir-birilərini yoluxdura bilərlər. Ola bilər ki, Delta plusdan daha güclü ştammlar əmələ gəlsin. Bir sıra Avropa ölkələrində Hindistan ştammına yoluxan şəxslərdə daha çox boğaz ağrısı, burun axması, baş ağrısı kimi əlamətlər müşahidə olunur. Hətta bir sıra orta yaşlı insanlarda klinik əlamətlər artıb. Digər yandan isə Delta virusuna uşaqlar arasında yoluxma halları çoxalsa da, lakin ölüm hallarında qorxulu rəqəmlər müşahidə edilməyib”.
Vüqar Cavadzadə hesab edir ki, Delta ştammı qonşu Türkiyə və Rusiyada yayıldığına görə, iyul ayının ortalarında və ya sonunda ölkəmizdə də aşkarlana bilər: “Virusun bu növünün ölkəmizdə aşkarlanmaması mümkün deyil, qonşu ölkələrlə daimi gediş-gəliş var. Delta ştammı dünyada 80-dən çox ölkəyə yayılıb. Dünyada vaksin bölgüsündə ədalətsizlik oldu. Xəstələnmə hadisələri az olan ölkələrə normadan 2-3 dəfə artıq vaksin verildisə, digər ölkələrə vaksin çatmadı".
İnfeksionist qeyd edib ki, ilkin məlumatlara görə, iki doz vaksin vurduran şəxslər də Delta ştammına yoluxub: "Vaksin insanları 3-6 ay arasında qoruyur. Vaksinasiya prosesi dövlətlər arasında sürətli şəkildə aparılsa idi, dünyada koronavirusun növbəti epidemik dalğası baş verməzdi. Artıq insanlar da COVID-in varlığı ilə barışıblar. Əgər Delta ştammı da ölkəmizə gələrsə, eyni profilaktik tədbirlər tətbiq ediləcək. Sözügedən ştamma yoluxma halları artıdıqdan sonra bir çox ölkələr yenidən məhdudiyyətlər tətbiq ediblər. Hesab edirəm ki, Delta ştammı ölkəmizə gələrsə, təhsil sektorunda da yenidən qapanmalar tətbiq ediləcək”.