23 Noyabr 2021 19:14
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Hicran xanım, hazırda bəşəriyyəti düşündürən məsələlərdən biri də uşaq hüquqlarının müdafiəsidir. Dünyada uşaqların hüquqlarının qorunduğunu deyə bilərikmi?

- Qeyd etmək lazımdır ki, uşaq təkcə bu və ya digər ailənin gələcəyi deyil, bütövlükdə mənsub olduğu xalqın, dövlətin ən böyük və qiymətli sərvətidir. Buna görə də uşaqlar üçün yaradılmış şərait həm də həmin dövlətin qüdrətinin göstəricisidir. Əfsuslar olsun ki, hazırda dünyada hüquqları pozulan kifayət qədər uşaqlar var. Uşaqların həyatına və firavanlığına təhlükə olan qüvvələrə təkcə erkən uşaqlıq dövründə təsadüf olunmur. Onlar getdikcə daha müdafiəsiz olur. Çünki uşaqlar çox vaxt hüquqlarından, o cümlədən təhsil, ictimai-siyasi həyatda iştirak etmək, habelə sağlamlığa ziyan vurulması hallarından müdafiə olunmaq hüquqlarından məhrumdur. Uşaqların fundamental hüquqlarının təmin edilməsinə dair bir çox bəyannamələr qəbul olunub. XX əsrin 20-ci illərindən başlayaraq hazırkı dövrə qədər qəbuledilmiş bəyannəmələr, konvensiyalar, sazişlər və digər normativ hüquqi aktlar uşaq hüquqlarının müdafiəsi üçün zəruri beynəlxalq hüquqi bazadır.

- Azərbaycanda uşaq hüquqlarının müdafiəsi hansı tarixə söykənir?

- Azərbaycanda uşaq hüquqlarının müdafiəsinin tarixi 100 ildən də çoxdur. Hələ XX əsrin əvvəllərində uşaq hüquqlarının qorunması ilə bağlı dövrün maarifpərvər və xeyriyyəçiləri, sahibkarları və onların həyat yoldaşları tərəfindən bir sıra mühüm addımlar atılıb. Azərbaycanlı qadınlardan Liza Muxtarova, Sona Tağıyeva və başqaları cəmiyyətin ən fəal üzvləri sırasına daxil idilər. 1905-ci ildən məşhur uşaq həkimi Y.Y. Gindesin rəhbərliyi altında “Bakı uşaq ölümü ilə mübarizə cəmiyyəti” fəaliyyətə başlayıb. Cəmiyyətin məqsədi yüksək uşaq ölümünə şərait yaradan bütün səbəblər ilə mübarizə, cinsindən, sosial vəziyyətindən və dini əqidəsindən asılı olmayaraq, hər yaşdan olan bütün uşaqların düzgün fiziki inkişafına qayğı göstərməkdən ibarət idi. 1911-1916-cı illərdə azərbaycanlı qadınların iştirakı ilə “Uşaq və yeniyetmələrin dostları” cəmiyyəti də fəaliyyət göstərib. O dövrdə “Uşaq evi”, “Uşaq dünyası” cəmiyyətləri sahibsiz uşaqlara və başqalarına kömək təşkil etməyə çalışırdı. 1919-cu ildə Uşaqları Mühafizə Liqası Ədliyyə Nazirliyi qarşısında uşaq məhkəməsinin təsis edilməsi haqqında vəsatət qaldırıb. Məqsəd məhkəmənin köməyilə valideyn və qohumlarını itirmiş uşaqları cinayət mühitindən təcrid etmək və onları etibarlı əllərə tapşırmaq idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra uşaq hüquqlarının qorunması sahəsində də bir sıra mühüm qərarlar qəbul edilib. Bunların sırasında ən vacibi uşaqların, xüsusilə də qızların təhsil alması, 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması idi. Xüsusən də, erməni təcavüzündən, I Dünya müharibəsindən əziyyət çəkən uşaqları müdafiə etmək, onların cəmiyyətə inteqrasiyası istiqamətində çox önəmli tədbirlər həyata keçirilib. Hələ o zaman valideyn və qohumlarını itirmiş uşaqları cinayət mühitindən uzaqlaşdırmaq üçün Uşaqları Mühafizə Liqası uşaq məhkəmələrinin yaradılmasına çalışılıb. Bu Yuvinial Ədliyyə sisteminin yaradılması sahəsində ilk addımlar idi. Azərbaycan bu sahədə də Avropanın qabaqcıl ölkələri ilə eyni sırada dayanır. Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılıb. Onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb. Hətta müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasəti, cənab Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilib. Azərbaycan uşaq hüquqlarının müdafiəsi sahəsində bütün mühüm Konvensiyalara qoşulub. Dövlət tərəfindən ratifikasiya edilmiş Konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılıb. Eyni zamanda, yeni çağırışlar və reallıqlardan irəli gələrək də bir çox qanunlar və dövlət proqramları qəbul edilir. Xüsusilə də "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" devizini irəli sürən Birinci vitse-prezident Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.

- Milli Məclisdə dövlət büdcəsinin müzakirələri zamanı, siz Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürdünüz. Bu barədə daha detallı nə deyə bilərsiniz?

- Bu, çox mühüm məsələdir. Əgər biz statistikaya nəzər salsaq görərik ki, alimentin ödənməsi haqqında məhkəmə qərarlarının icrası ilə əlaqədar son 18 ildə 43,9 dəfə artım qeydə alınıb. Əgər 2001-ci ildə alimentin alınması ilə bağlı məhkəmə qərarlarının icrasının sayı 2260 idisə, 2020-ci ildə bu rəqəm 99 213- ə çatıb. Eyni zamanda bir çox ailələr aliment ödəmək problemi ilə üzləşir. Borclu tərəf ödənişdən yayınır. Bir çox hallarda gəlirini gizlədir (rəsmi işləmir, ancaq gəliri var). Bəzən borclu kiçik məbləğ ödəyir (məsələn, 200 manat əvəzinə 20 və ya 50 manat, qismən ödənişlər edir). Çox vaxt borclunun özü alimentin ödənilməsini valideyn borcunun bir hissəsi kimi qəbul etmir, məhkəmə qərarının icrasına hər cür müdaxilə edir. Lakin valideyn dərk etməlidir ki, boşanmaq, onu ata kimi vəzifə və öhdəlikdən azad etmir. O hər zaman övladının qayğısına qalmalıdır. Burada əsas məsələ uşaqlara layiqli həyat yaşatmaq, onların hüquqlarını qorumaq və eyni zamanda borclunun məsuliyyətini stimullaşdıracaq bir sistem yaratmaqdır. Qeyd edim ki, bununla bağlı, beynəlxalq təcrübə var. İspaniya, İsveç, Latviya, Estoniya kimi ölkələrdə Aliment Fondu yaradılıb. Rusiya və Qazaxıstanda bununla bağlı müzakirələr aparılır. Təklif ondan ibarətdir ki, Aliment Fondu pensiya fondu kimi təşkil oluna bilər. Fond alimentin vaxtında və tam ödənilməsinə zəmanət verir və vergi orqanları aliment idarəçisindən bu fonda gəliri tutmaq hüququ və öhdəliyi alır. Həmçinin fondun xərcləri gəlirləri üstələdikdə, dövlət büdcəsi kəsiri maliyyələşdirməli olacaq. Aliment Fondunun formalaşma mənbəyi dövlət büdcəsindən əlavə alimentin ödənilməsi vaxtı keçmiş günlərə görə ödəməyən şəxslərdən alınan cərimələr ola bilər. Bundan əlavə, aliment ödəməkdən yayınan şəxslərin reyestrinin yaradılması təklif edilib. Belə bir reyestrə daxil edilməsi o demək olacaq ki, davamlı borcunu yerinə yetirməyən şəxsə qarşı gücləndirilmiş tədbirlər görüləcək. Bu büdcənin yükünü azaldacaq və əlavə gəlir əldə etməsinə səbəb olacaq. Aliment Fondu ancaq problemli alimentləri əhatə edəcək. Bu təsisat işlək mexanizmdir. Əlbəttə ki, bu sahədə qanunvericilikdə də bəzi əlavələrin edilməsinə ehtiyac yaranır. Aliment Fondunun yaradılması həm uşaqları müdafiə edəcək, həm də dövlətin iqtisadi yükünü azaldacaq.

- Maraqlı təkliflərdən biri də atalıq məzuniyyətinin ödənişli olması idi....

- Təcrübə göstərir ki, ataların daha fəal emosional iştirakı uşaqların inkişaf və rifahına müsbət təsir göstərir. Lakin kişilər çox zaman valideynlik məzuniyyəti hüququndan istifadə etmir. Səbəblər müxtəlifdir. Kifayət qədər ödəniş edilmir, onların karyera perspektivinə mənfi təsir edə bilər və ya ümumilikdə sosial münasibətlər buna birmənalı yanaşmır. Ümumdünya Siyasət Təhlili Mərkəzinin məlumatlarına görə ödənişli analıq məzuniyyətinə təminat verən ölkələrin xüsusi çəkisi son 20 ildə 89%-dən 96%-ə qalxıb. Atalıq məzuniyyətini təmin edən ölkələrin xüsusi çəkisi isə 21%-dən 52%-ə yüksəlib.

Qeyd edim ki, atalıq məzuniyyətinin tətbiqi təkcə inkişaf etmiş və Avropa ölkələri ilə məhdudlaşmır. Dünyanın 53 ölkəsində aparılan təhlillər göstərir ki, atalıq məzuniyyəti təminatı ilə qadınların məşğulluq səviyyəsi arasında güclü müsbət əlaqə var. Azərbaycan qanunvericiliyində uşağın dünyaya gəlməsi ilə bağlı atalara təqvim ilində bir dəfə həyat yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçinin ərizəsi əsasında ona 14 təqvim günü müddətinə və ya ailə, məişət və digər sosial məsələlərin həlli üçün 7 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilir. Atalıq məzuniyyətinin rəsmiləşdirilməsi, onun yeni qanunvericilik norması kimi tətbiq edilməsi və məzuniyyət götürən şəxsin əmək haqqı səviyyəsinə yaxın səviyyədə ödənilməsi zəruridir. Ödənişsiz məzuniyyətə dair mövcud təminat əlverişli deyil. Çünki ailə büdcəsinə əlavə təzyiq yaradır və heç vaxt istifadə edilmir. Halbuki, yeni uşaq dünyaya gətirən qadının doğum sonrası psixoloji və fiziki çətinliklər keçirən zaman ən çox həyat yoldaşına ehtiyac duyur. Bəzi ailələrdə uşağa qulluq etmək üçün dəstək olmur və ya maddi imkan yetərli olmur ki, kənardan dəstək alsın. Bu zaman yenə də qadına və uşağa ən böyük dəstək verən kişidir. Ailənin böhran dövrlərindən biri də doğum sonrası yaranan yeni vəziyyətdir. Bu çətin və mürəkkəb dövrü qadın və kişi, həm da ana və ata olaraq birgə keçirəndə ailənin təməli daha möhkəm olur. Buna görə də, qanunvericilikdə “atalıq məzuniyyəti”nin ödənişli olması ilə əlavənin edilməsi və bunun büdcədə nəzərdə tutulması təklif olunur.

- Uşaq hüquqlarının müdafiəsinə dair daha hansı təklifləri etmək fikrindəsiniz?

- Əlbəttə, bu sahədə bir çox işlər görülməlidir. Məsələn, məhkəmə-hüquq, ədliyyə sistemində uşaq psixoloqlarının olması mühüm əhəmiyyət kəsb edir. Bu, nə üçün lazımdır? Bəzən qadının himayəsində azyaşlı uşaq olur. Yaxud çoxuşaqlı ana uşağını harasa qoya bilmir. O zaman məhkəməyə gəlmək və öz hüququnu müdafiə etməkdə çətinliklə üzləşir. Və ya boşanma, yaxud digər hallarda uşaqların iştirakı lazım olur. Bu zaman həmin uşağın psixoloji dəstəyə ehtiyacı yaranır. Ona görə də hər bir məhkəmədə 1 uşaq psixoloqu ştatının təyin edilməsi məqsədəmüvafiq olardı. Müasir dövrdə uşaq və yeniyetmələrin davranışları, insanlar arasındakı ünsiyyət problemləri, ailədaxili münasibətlərdəki xoşagəlməz hallar uşaqların formalaşmasına, psixoloji vəziyyətinin dəyişməsinə neqativ təsir göstərir. Bu mənada məktəblərdə psixoloji xidmətin göstərilməsi çox yaxşı haldır. Təcrübə də göstərir ki, məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird və tələbələrin sayı ilə nisbətdə çox azdır. Bu isə göstərilən psixoloji xidmətin keyfiyyətinə təsir edir. Buna görə də məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac vardır. Dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsidir. Eyni zamanda uşaqların hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması başlıca amildir. Bütün bu vacib şərtlər təmin olunduğu halda gələcəyimiz olan uşaqlar şəxsiyyət və layiqli vətəndaş kimi formalaşır. Bu məqsədə nail olmaq üçün isə hər birimiz məsuliyyətimizi dərk etməli, fəaliyyətimizi artırmalıyıq.


Müəllif: Tapdıq Qurbanlı