16 Sentyabr 2022 16:34
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, komitə sədri Musa Quliyev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfinin növbəti təxribat törətdiyini qeyd edib.

Bildirib ki, rəşadətli Azərbaycan Ordusunun hərbçiləri bu dəfə də düşmənə layiqli cavab verib, strateji yüksəklikləri azad ediblər. İclas iştirakçıları döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Milli Məclisin payız sessiyasında bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əllilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dinləmələrin keçiriləcəyi qeyd olunub.

Komitənin iclasının gündəliyinə 8 məsələ salınıb ki, bunlardan 6-sının bir sıra qanunlara dəyişikliklərlə bağlı layihələr olduğu bildirilir.

Komitə sədri 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə danışıb. Bildirilib ki, ötən sessiyalarda komitə səmərəli fəaliyyət göstərib. Bu müddətdə komitənin 11 iclası keçirilib, 25 məsələyə baxılıb. Belə ki, komitədə “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə və digər qanun layihələri müzakirədən keçərək Milli Məclis tərəfindən qəbul olunub. Bununla yanaşı, komitə üzvləri Şuşa şəhərində keçirilən “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusunda dinləmədə iştirak ediblər.


Müəllif: Nemət