Sentyabrın 15-dən bu günə qədər metropolitendə ürəkgetmə halı müşahidə olunmayıb və hər hansı bir sərnişin üçün təcili tibbi yardım maşını çağırılmayıb. Qatarlarda və stansiyalarda sıxlığın olması, sərnişinlərin halının pisləşməsi heç də havalandırma sisteminin keyfiyyətinin aşağı olmasının göstəricisi deyil.
Bu sözləri Teleqraf.com-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hər hansı sərnişin müraciət edirsə, ona ilkin yardım göstərilir və metropolitenə təcili tibbi yardım maşını dəvət olunur: “İnsanların halının pisləşməsinə onun fərdi fizioloji xüsusiyyətləri və ya digər təsir edə bilər. “Bakı Metropoliteni”ndə qatarların içərisində havalandırma sistemi mövsümi qaydalara uyğun olaraq aparılır. 2018-ci ildən etibarən bu qayda tətbiq olunur, ona qədər metropolitendə isitmə və soyutma sistemlərində olduğu kimi havalandırmaya iki dəfə dəyişiklik olunurdu.
Hazırda mövcud texniki yeniliklər nəzərə alınaraq mövsümi prinsiplərə keçilib. Sentyabrın 1-dən payız mövsümünə uyğun olaraq qrafik qüvvəyə minib, bununla belə gündəlik monitorinqlərdə nəzarət sistemi də tətbiq olunur. Bakının iqlim şəraiti fərqlidir, məsələn, payız aylarında yay, qış hava şəraitini müşahidə edə bilərik. Bu səbəbdən metropolitendə bu xüsusiyyətlərin hər biri ventilyatorların iş prinsipində nəzərə alınır”.
Bəxtiyar Məmmədov onu da qeyd edib ki, “Bakı Metropoliteni”ndə gündəlik monitorinqlər çərçivəsində istisnasız olaraq bütün stansiyaların ən azı 15-20 nöqtəsində müxtəlif ölçülər aparılır: “Təkcə temperatur göstəricisi deyil, həm də oksigenin miqdarı, havanın çirkliliyi və s. müxtəlif parametrlər üzrə ölçülür aparılır”.
O vurğulayıb ki, son 3 ildə 17 yeni ventilyator tətbiq olunub, hazırda isə artıq bir aydır yeni 6 ventilyator gətirilib və hazırda onların quraşdırılması işi aparılır:
“Yeni ventilyatorlar əvvəlkilərdən fərqli olaraq iki-üç dəfə daha güclüdür və bu, onların iş məhsuldarlığının yüksək olmasına kömək edir. Fevral ayında təqdim etdiyimiz monitorinqlərin nəticəsi göstərir ki, yeni ventilyatorların tətbiq olunduğu stansiyalarda 1 dərəcədən təxminən 3-4 dərəcəyə qədər dinamik dəyişikliklər var. Gələcəkdə yeni ventilyator quraşdırıldıqca həmin stansiyalarda mikroiqlim şəraitində müvafiq dəyişikliklər olacaq. Onu da qeyd edim ki, bu günə qədər apardığımız monitorinqlər nəticəsində ümumi götürdükdə metropolitendə mikroiqlim nəzarətinin pozulması və ya nöqsan aşkarlanmayıb”.