Bakının Sabunçu rayonunda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanarək həmin ərazilərdə qeyri-qanuni su xətləri ləğv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.
Araşdırmalar zamanı Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən daş sexində suyun talanması faktı aşkar edilib. Su sayğacı olmasına baxmayaraq, obyektin tələbatının böyük hissəsi 20 mm diametrli boru ilə sayğacdankənar çəkilmiş xətt hesabına təmin olunub.
Maştağa qəsəbəsində yerləşən “Görüş” şadlıq evi sahibinin sudan qanunsuz istifadə etdiyi məlum olub. Bu obyektdə də sayğacdan kənar xətt aşkarlanıb. Su sayğacı olmasına baxmayaraq, yaxınlıqdan keçən su xəttinə obyekt sahibi tərəfindən özbaşına müdaxilə edilərək, 20 mm diametrli boru ilə şadlıq evinə su xətti çəkilib.
Ləhiş bağları adlanan ərazidəki istixanada isə “Azərsu” ASC-dən texniki şərt alınmadan və müqavilə bağlanmadan sudan qeyri-qanuni istifadə edildiyi müəyyən olunub. İstixanaya yaxın ərazidə olan su anbarından 50 mm diametrli boru vasitəsilə su götürüldüyü aşkar edilib.
"Nəzarət tədbirləri zamanı obyekt sahibləri su şəbəkəsinə qanuni qoşulma ilə bağlı maarifləndirilib. Bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Eyni zamanda qəza briqadalarının sudan qanunsuz istifadə hallarının aradan qaldırılmasına cəlb olunması digər ərazilərdə baş vermiş su axıntılarının qarşısını alınmasını gecikdirir, vaxt itkisinə və əlavə xərclərin yaranmasına gətirib çıxarır", - məlumatda deyilir.
Qeyd edək ki, su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyanın tapşırıqlarına əsasən içməli sudan qanunsuz istifadə hallarının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilib və belə hallara yol verənlərə qarşı daha sərt tədbirlər görüləcək, aşkarlanmış faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.