"Dərman vasitələri haqqında" qanuna gözlənilən dəyişikliklərdə bir neçə diqqətçəkən məqam var.
Sənədə əsasən, Azərbaycanda qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan olunur. Təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.
Digər bir dəyişikliklə Azərbaycanda dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulur.
Həmçinin Azərbaycanda dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri yuxarı həddi dövlət tərəfindən idarə olunacaq.
Eyni zamanda dərman və tibb vasitələrinin dövlət qeydiyyatı haqqında vəsiqə 5 il etibarlı sayılacaq. Yeni bəndə əsasən, dərman və tibb vasitələrinin, habelə dərman maddələrinin dövlət qeydiyyatı haqqında vəsiqə 5 (beş) il müddətində qüvvədə olacaq.
Bundan əlavə, Azərbaycana dərmanlar pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək.
Professor Adil Qeybulla qanuna dəyişikliyi Teleqraf.com-a şərh edib.
O açıqlamasında dərman bazarında hökm sürən çatışmazlıqlara diqqət çəkib: "Bazardakı boşluqları aradan qaldırmaq və bu bazarı daha etibarı, eləcə də təhlükəsiz etmək üçün təbii ki, düzəlişlərə ehtiyac var. Güman edirəm ki, "Dərman vasitələri haqqında" qanuna dəyişiklik bu istiqamətdə müəyyən qədər yardımçı olacaq. Xüsusilə də dərman maddələrinin qeydiyyatından tutmuş, dövriyyəsinə qədər olan proseslərə nəzarət, ölkəyə daxil olan dərmanların təhlükəsizlik parametrləri, eyni adda dərmanların ölkəyə idxalında müəyyən məhdudiyyətin, digər tərəfdən dərman maddələrinin gətirilməsi üçün verilən lisenziyanın müəyyən müddətdən bir dəyişdirilməsi çox müsbət addımlardır. Bunlar beynəlxalq standartlardır".
Həkimin sözlərinə görə, İcbari Tibbi Sığortanın tələbi dərmanların nisbətən ucuz olmasıdır:
"Dərmanların ucuzluğu da ancaq Azərbaycanda daxili istehsal məsələsi öz həllini tapandan sonra mümkün ola bilər. Çünki hazırda qiymətlər bizdən asılı deyil. Artıq dərmanların daxili istehsalı barədə düşünməliyik. Hesab edirəm ki, qardaş Türkiyə və Avropa ölkələri ilə müştərək zavodlar quraraq bu işi həyata keçirməliyik. Heç olmasa ölkənin müəyyən ehtiyatlarının yaradılması istiqamətdə də işlər aparılmalıdır.
Bütün bunlarla yanaşı dərman təhlükəsizliyinin vacibliyi əsas götürülməlidir. Xüsusilə dərman alınan firmaların birbaşa məsuliyyəti həm dövlət, həm də onunla müqavilə bağlayan şirkətlər qarşısında olmalıdır ki, sabah dərmanda hər hansı problem olanda bu irad onlara qarşı yönələ bilsin".