Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Sabunçu rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.
Bu barədə Teleqraf.com-a qurumdan bildirilib.
Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq Agentlik içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi, israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir. Sabunçu rayonu, Məhəmmədi kəndi “Südçülük sovxozu” adlanan ərazidə fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilməkdə olan həyət evlərini su ilə təmin etmək üçün texniki şərt almadan, müqavilə bağlamadan 63 mm diamterli boru vasitəsilə qeyri-qanuni su xətti çəkilib. Qanunsuz əməlindən əl çəkməyən tikinti rəhbəri bununla yanaşı 4 ədəd paylayıcı kollektor quraşdıraraq tikilməkdə olan evləri su ilə təmin edib. Özbaşına çəkilmiş su xətti əraziyə cəlb edilmiş xüsusi texnika vasitəsilə kəsilərək ləğv edilib.
Həyata keçirilən nəzarət tədbirləri zamanı Sabunçu – Zabrat yolu üzərində yerləşən dəmir qapıların istehsalı sexində də sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Obyekt sahibinə qanunsuz istifadə ilə bağlı dəfərlərlə xəbərdarlıq edilərək su təchizatının dayandırılmasına baxmayaraq, o yenidən özbaşına birləşmə edib. Oxşar vəziyyətə həmin ünvanda yerləşən ət kəsimi məntəqəsində də rast gəlinib. Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz şəkildə istifadə edib.
"İçməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə Agentlik bəyan edib.
Bu ilin yanvar-iyun aylarında “Azərsu” ASC üzrə 8 899, Sabunçu rayonunda isə 2 471 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.