Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən tapılan 7 günlük körpə (qız) bu gün saat 06:15 radələrində TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Yerləşdirilərkən körpənin temperaturu 35 dərəcə, vəziyyəti orta ağır olub və fizioloji sarılıq qeydə alınıb.
Qeyd olunub ki, körpəyə zəruri tibbi xidmətlər göstərilib, tibb müəssisəsinin Pediatriya şöbəsinə köçürülüb. Çəkisi 1 950 kq olan körpənin hazırda vəziyyəti kafidir.
***
Bu səhər saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yeni doğulmuş (bir neçə günlük) qız uşağı tapılıb.
Körpə uşaq yoldan tapılaraq xəstəxanaya təhvil verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Report"un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. N.Həmidov bildirib ki, bu məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon Təcili Tibbi Yardım Stansiyasının tibb personalına təhvil verilib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.//Report.az