Son 1 ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC abonentlərinin sayı 4,5 %, 2023-cü ilin əvvəlindən isə 3,4 % artıb.
Teleqraf.com-un “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə, bu ilin sentyabrın 1-nə ölkə üzrə 1 milyon 808 min 538 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1 milyon 736 min 490 və ya 96 %-i əhali, 72 min 048 və ya 4 %-i isə qeyri-əhali qrupu abunəçiləridir.
Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
Bu iıin sentyabrın 1-nə abonentlərin 89,3 %-i sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,1 %, qeyri əhali qrupu üzrə isə 95,5 % təşkil edir.