Həyat yoldaşı Hepatit C-dən əziyyət çəkən xalq artisti Arif Quliyev Teleqraf.com-un suallarını cavablandırıb. Sözə başlamadan öncə bu məsələnin ictimailəşməsinə maraq göstərmədiyini də bildirib.
-Bu məsələnin ictimailəşməsi heç kimə lazım deyil. Mənim xəstəliyimin ictimailəşməsini başa düşürəm. Amma o, mənim həyat yoldaşımdır. İnsandır, xəstələnib.
-Düşünürük ki, tanınmış aktyorun, xalq artistinin ailəsi ilə bağlı məsələ diqqətdən kənarda qalmalı deyil. Yoldaşınız çoxdan xəstədirmi?
-6 aydır.
-Xəstəliyi necə aşkarlandı?
-Vəziyyəti ağırlaşmışdı, həkimə apardıq. O vaxt infeksiyanın qana keçməsi ilə bağlı müxtəlif fikirlər səsləndi. Sonra həkimlər müəyyənləşdirdilər ki, qana infeksiya dişdən keçib.
-Hazırda vəziyyəti necədir?
-Ağırdır. Reanimasiyadan evə gətirmişik. Qaraciyər fəaliyyətini demək olar ki, dayandırıb, indi müalicə olunur. Amma halı yoxdur, ayağa qalxa bilmir.
-Həkimlər nə deyir?
-Deyirlər ki, möhkəm müalicə lazımdır.
-Müalicə üçün nə qədər pula ehtiyacınız var?
-Yox, məbləği açıqlayıb, yardım istəmək ayıbdır. Bu, ağır xəstəlikdir. Donor olmalıdır, onun üçün külli miqdarda pul lazımdır. Ona da bizim gücümüz çatmır. Görüm indi neyləyirəm. Əlavə bağım yoxdur ki, bağımı satım. Əlavə evim yoxdur ki, evimi satım.
-Bir açıqlamanızda demisiniz ki, ehtiyac olsa evi satıb xərci ödəyəcəksiniz.
-Evi satsam uşaqlar harda qalacaq, onu da fikirləşirəm. Üç ailə bir evdə qalır. Oğlum, gəlinim – biz hara gedəcəyik? Bəlkə iki-üç konsert təşkil etdim.
-Maddi dəstəyiniz varmı?
-Hələ yoxdur.
-Övladınız maddi baxımdan sizə kömək edə bilirmi?
-Oğlum ikinci qrup əlildir, işləmir. Bir oğlum da rəhmətə getdi. Yoldaşım xəstədir, işləmir.
-Belə başa düşdüm ki, evə gəliri ancaq siz gətirirsiniz.
-Elədir.
-Prezident təqaüdündən əlavə gəliriniz varmı?
-Mən heç yerdə işləmirəm. Təqaüdə çıxmışam. Pulu da yavaş-yavaş düzəldəcəyik.
-Arif müəllim, maddi dəstək baxımından harasa müraciət etmək istəyirsinizmi?
-Mən müalicə olunanda cənab prezident çox yardım etdi. İkinci dəfə müraciət etmək ayıbdır, olmaz. Elə edək ki, sağalsın. Allah ümidinə... Mən də o vaxt Allah ümidinə yaxşı oldum. Əməliyyatın xərcini isə dövlətimiz, cənab Prezidentimiz öz öhdəsinə götürdü. Çalışacam ki, konsertlər verim, toylara gedim. Bir tərəfdən də toylara demək olar ki, getmirəm. Çünki mənə səs-küy olmaz, beynimə pis təsir edir.
-Səhhətinizə görə ayda neçə toya gedə bilirsiniz?
-Rast gələndə ayda dörd-beş toy olur.
Nərmin Muradova