28 İyul 2016 12:00
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abdinli Fatimə Surxay qızı 1997-ci ildə Bakıda anadan olub. I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 695 bal toplayan Fatimə Abdinli Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasını seçib. Ailəsi Rusiya Federasiyasının Moskva şəhərində yaşadığı üçün 1-ci sinifdən 3-cü sinfə qədər Moskvada 1301 saylı məktəbdə oxuyub, sonra ailəsi ilə birgə Bakıya köçüb. 4-cü sinifdə Nərimanov rayonu 93 saylı məktəbdə təhsil alıb. Fatimə Abdinli 5-ci sinifdən İlyas Əfəndiyev adına Elitar gimnaziyaya qəbul olunub və 11-ci sinfə qədər burada təhsil alıb. Fatimə orta məktəbdə həmişə əlaçı oxuyub, bütün qiymətləri yüksək olub. Dediyinə görə, o, bütün fənnləri yaxşı oxumağa çalışıb, fərqləndirməyib. Birinci ixtisas qrupu üzrə sənədlərini ali məktəbə verməyə hazırlaşdığı üçün yuxarı siniflərdə daha çox texniki fənnlərə üstünlük verib. Onun I ixtisas qrupu üzrə qəbul imtahanlarında 695 bal toplaması da elə bununla bağlıdır. Öz istədiyi sahəyə vaxtında yönlənə bilib.

- Fatimə, sənin texniki fənnlərə marağının səbəbi nədir?

- Atam da texniki təmayüllü ali təhsil alıb. Onun da texniki fənnlərə marağı olub. Dəqiq deyə bilmərəm, meylimin bu fənnlərə olması bəlkə bu amillə bağlıdır. Amma məhz bu istiqamətə yönəlməyimin səbəbi texniki fənnlərə marağımın daha böyük olmasındandır. Əslində mən bədii ədəbiyyatı, xüsusilə rus şairi A.S.Puşkinin yaradıcılığını çox sevirəm. Onun “Yevgeni Onegin”, “Kapitan qızı” və digər əsərlərini çox sevirəm.

- Orta məktəbdə əla oxuyurdun?

- Bəli. əlaçı oxumuşam. Bütün fənnlərdən qiymətlərim yüksək olub. Eyni zamanda, məktəbdə debatlarda fəal iştirak edirdim həmişə. Sosial mövzular daha çox müzakirə edirdik. Hər zaman fəal olaraq belə müzakirələrə qatılırdım.

- İxtisas olaraq “Kimya mühəndisliyi”ni seçmək istəyirsən?

- Bəli. Mən BANM-in Kimya mühəndisliyi ixtisasını seçmişəm. Hansısa yeni bir formula yaratmaq, yenilik etmək, həmçinin elmi sahədə yeniliyə meylliyəm. Araşdırmaçı kimi tədqiqat aparmaq istərdim. “Kimya” mənim üçün çox maraqlıdır. Həmişə “Youtube”dan kimyəvi məhlullarla bağlı qısa filmlərə baxıram.

- İmtahan həyəcanı arxada qaldı... Necə keçdi imtahan və abituriyentlərə tövsiyən nədir?

- Məncə, uğur əldə etmək üçün oxumağa elə 1-ci sinifdən başlamaq lazımdır. Çünki sonradan proqramı çatdırmaq olmaz. Abituriyentlər oxumaqla yanaşı, istirahətə də meyl etməlidirlər. Beyin yorulmasın deyə kitabını götürüb hardasa açıq yerdə, məsələn, parkda oxuya bilərlər. İmtahandakı həyəcana gəldikdə isə, mən çalışırdım ki, həyəcan olmasın. Sakitcə oturdum və özümü inandırdım ki, bu qədər hazırlaşmışamsa alınacaq. Həm də valideynlərim, müəllimlərim - hamı mənə inanırdı. İmtahandan sonra cavablarımı müəllimimlə yoxladıq. “İngilis dili”ndən bir sualın cavabını səhv yazmışdım. İmtahandan çıxan kimi bildim ki, cavabımın biri səhvdir. Yoxlayanda həmin sualda səhv etdiyimi dəqiq bildim. 700 yığmamağımın səbəbini də bunda görürəm.

- Bakı Ali Neft Məktəbini seçməyin nə ilə bağlıdır?

- Biz orta məktəbdə oxuyanda Bakı Ali Neft Məktəbi təzə açılmışdı. 9-10-cu sinifdə düşündüm ki, yüksək bal toplamalıyam ki buraya daxil olum. Çünki burada tədris ən yüksək səviyyədədir, yeni olduğu üçün daha müasirdir. Amma burada təhsil almağın çətin olduğunu da bilirəm. Lakin bilirəm ki, bunun öhdəsindən gələ biləcəyəm, bütün mövzuları yaxşı oxuyacam. Burada tələbələr üçün yaradılan hər cür şərait məni cəlb edir. Məsələn, təhsilin ingilis dilində olması, kimya müəssisələrində istehsalat təcrübəsi keçmək mənə maraqlıdır. Təhsilimi həm də magistraturada davam etdirmək istəyirəm.

İlhamə ƏBÜLFƏT


Müəllif: