Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin yanvar-iyul aylarında əlilliyi olan 454 nəfəri münasib işlə təmin edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, həmin şəxslərdən 155-i sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlarda müəyyən edilmiş kvota üzrə iş yerlərində əmək fəaliyyətinə başlayıb.
Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”na əsasən, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə kvota müəyyən edilir.
İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi, işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə 4 faizi, işçilərinin sayı 100-dən çox olan müəssisələrdə isə 5 faizi miqdarında kvota yeri ayrılır.
Bu il respublikanın rayon və şəhər məşğulluq mərkəzləri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün ümumilikdə 665 müəssisədə 2 minə yaxın kvota üzrə iş yeri müəyyən olunub. İş yerlərinin təqribən 50 faizi məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.