Bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi bu gün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək. Oqtay Zülfüqarov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Bunu Teleqraf.com açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat əlaqələndiricisi Türkan Rüstəmova bildirib.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olub. O, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmiş, dahi Azərbaycan bəstəkarı, professor Qara Qarayevin tələbəsi olub.
Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumental və kamera əsərləri yaradıb, həm kino, həm teatr sənətinə layiqli töhvəsini verib. Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən mənim xalqım” uvertürası, “Qız ulduz” “Pişik və sərçə” nağıl-operaları, “Sehrli alma ” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur. Bəstəkar yaradıcılığının böyük bir qismini uşaqlara həsr edib. Onun uzun illər ərzində yazdığı “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı?”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olub. Görkəmli sənətkarın gənc nəslin yetişdirilməsində xidmətləri danılmazdır.
20 ildən çox bir müddət ərzində o, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi səmərəli iş aparıb.
Oqtay Zülfüqarov 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. O, Prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin!