Köhnə qəzetlər bizim üçün köçüb getmiş insanları və keçib getmiş hadisələri canlandırır. Onların səhifələrindən bizə doğru xəritədən silinmiş dövlət, orada yaşamış insanların maraqları və həyat tərzləri boylanır.
O yazıları oxumuş nəsillər növbə ilə həyat meydanını tərk edir. Hələ babalarımız və atalarımız nəiinki sağ-salamat, həm də gənc idilər. Odur ki, keçmiş mətnlərə nəzər salmaq həm də bir ekzistensial təcrübə, bir subyektiv maraq da doğurur.
Ötən əsrin mətbuatını izləmək üçün ölkənin ən uzunömürlü qəzeti (artıq 110 ildir fasiləsiz nəşr olunur) olan “Bakinski Raboçi”nin arxivini seçdik. Bu seçimin daha bir səbəbi də var - ilk nömrəsi 1906-cı ilin aprelində işıq üzü görən, ilk redaksiya heyətində Stalin, Caparidze, Saratovets kimi tarixi şəxsiyyətlərin təmsil olunduğu, Bakı sosial-demokratlarının çap orqanı olmuş bu qəzetin köhnə materiallarına virtual fəzada daha asan rast gəlmək olur.
Bu rubrikada təqdim edəcəyimiz materialları xronoloji olaraq hər həftə diqqətinizə çatdıracağıq. Onların sayəsində oxucu həm də ötən dövrlərin maraq dairəsini, təbliğat metodlarını və ümumumiyyətlə mətbuatın səviyyəsini izləyərək bu günümüzlə müqayisə edə biləcək.
Beləliklə, başlayaq.
***
“Bakinski Raboçi” qəzetinin 1928-ci ilin 6 sentyabr nömrəsindəki əyalət xəbərlərindən bir neçəsini nəzərdən keçirək. Ölkədə din və mövhumat əleyhinə kampaniya çərçivəsində Vartaşen dairəsinin (indiki Oğuz) Cühudlar (yəni, yəhudilər) icmasının əhalisi sinaqoqu qapatmaq və onun binasını məktəbə çevirmək qərarını qəbul edir. Xatırladaq ki, bu kəndin əhalisinin böyük əksəriyyəti (1900-cü ilə qədər hətta 99,5 faizi) yəhudilərdən ibarət olub və həmin vaxt kənddə iki sinaqoq mövcud idi.
Qəzet Zaqatalada sallaqxananın vəziyyətindən yazı dərc edib. Antisanitariya ilə mübarizə çərçivəsində yazılan yazıda heyvanların şəhər yaxınlığındakı çayın sahilində və açıq sahədə kəsildiyini qabardan müəllif gigiyena qaydalarının pozulmasının insanlarda və heyvanlarda qurd xəstəliklərinə şərait yaratdığını, çay suyunun isə çirkləndirilməsini böyük problem sayaraq yazır: “Əhalinin mədəni səviyyəsinin aşağı olması və suyun çirklənməsi təhlükəli hədd alıb, odur ki, heyvanların kəsilməsi işində qayda-qanunun yaradılması təxirəsalınmaz tədbirlər tələb edir”.
Elə həmin nömrədə Nuxada (Şəki) 1906-cı il təvəllüdlü kəndlilərin əsgəri xidmətə çağırılmasından bəhs olunur: “Onlar Nuxa qəzasının hər yerindən axışıb gəlirlər. Çağırışçıların cərgəsində tam intizam hökm sürür”.
1930-cu ilin 10 sentyabr nömrəsində işıqlandırılan problemlərdən biri də Qara şəhəri Montin qəsəbəsi ilə birləşdirən yolda çoxsaylı qəzaların baş verməsi və yüksək ölüm göstəricisi ilə bağlıdır. “İnsan ölümlərinə son qoyaq” adlı məqalədə müəllif V. Nizamov yazır: “Bu yoldan iki dəmir yolu və bir elektrik qatarı yolu keçir. Elə bir həftə yoxdur ki, bu təhlükəli yolda kimsə həlak olmasın. Gah yaşlı qadını, gah məktəb şagirdini, gah işə gedən fəhləni qatar vurub öldürür”. Çıxış yolu kimi beton körpünün tikintisinin başa çatdırılması təklif edilir.
1934-cü ilin 6 sentyabr nömrəsində Azərbaycan Tibb İnstitutunun uğurlarından söz açılır. Həmin il instituta qəbul üçün 800 nəfər ərizə verib və onların 400-ü tələbə adını alıb. Məlum olur ki, həmin vaxt bütün SSRİ-də yalnız iki tibb institutu öz elmi jurnalını nəşr edirdi - bunlardan biri Moskvadakı Hərbi-tibbi Akademiya, digəri isə Bakıdakı Tibb institutudur.
Elə həmin nömrədə “Yeni opera” başlıqlı yazıda bəstəkar Müslim Maqomayevin 5 aktlı “Nərgiz” operası üzərindəki işini sentyabrın 15-də başa vuracağı yazılır. Operanın mətninin müəllifi Məmməd Səid Ordubadidir.
1938-ci ilin 5 sentyabr nömrəsində qəzet professor İ.Ginzburqun redaksiyaya məktubunu dərc edir. O, cərrahi alətlərin respublikaya kənardan gətirilməsinə son qoymağı təklif edir və alətlərin həm hazırlanmasının, həm də təmirinin Bakıda və rayonlarda təşkilinin vacibliyini yazır. Professorun sözlərinə görə, “Bakıda ən azı altı cərrahi və beş ginekoloji stasionar müalicə müəssisəsi, çoxsaylı cərrahi və digər ixtisaslaşmış kabinələr var, cərrahi alətlər isə nəinki hazırlanmır, onları təmir etməyə də yer yoxdur”. Ginzburq alətlərin respublikada hazırlanması üçün bazanın mövcudluğunu qabardaraq yazır: “Bakı səhiyyə şöbəsinin elektromexanika müəssisələrində nəinki alətləri istehsal və təmir etmək üçün, üstəlik mikroskoplar və cərrahi masalar hazırlamaq üçün dəzgahlar mövcuddur”.
1943-cü ilin 10 sentyabrında “Bakinski Raboçi” Maştağa rayonunun Novxanı kəndindəki Beriya adına kolxozda Yusif Əli oğlunun manqasının 3,14 hektar sahədə 31 ton qarpız və yemiş yetişdirdiyini yazır. Əlavə əməyin ödənişinə dair qaydaya görə, plandan artıq toplanmış qarpız və yemişin beşdə biri manqa üzvlərinə çatacaq. Bu isə 6 tondan çox məhsul deməkdir.
1954-cü ilin 10 sentyabınrda Bakıda ilk dəfə gün işığında kino nümayiş etdirilir. Bakı Zabitlər Evində “Dağ gölünün sirri” rəngli bədii filmi göstərilir.
1956-cı ilin 7 sentyabr sayında qəzet Budyonnı adına Neft emalı zavodunun ərazisində ikimərtəbəli binada yerləşən zavod poliklinikasının açılışından xəbər verir. Fəhlələrin sağlamlığının qulluğunda dayanacaq poliklinikada 12 kabinə (o cümlədən, stomatoloji və cərrahi) fəaliyyət göstərəcək.
1966-cı ilin 10 sentyabr nömrəsində Əli-Bayramlı şəhərinin baş arxitektoru Ə.Kərimovun məqaləsi yer alıb. Məqalədən öyrənirik ki, şəhərdə ilk dəfə olaraq yaşayış binalarının tikintisində iribloklu materialdan istifadə olunmağa başlanılıb. Sonrakı ildə Əli-Bayramlı sakinləri 1966-cı illə müqayisədə daha 10 min kvadrat metr çox yaşayış sahəsi ilə təmin olunacaq. Habelə, şəhərdə tam gücü ilə respublikanın ən böyük avtobazasının tikintisini davam etdirilir. Avtobaza 500 maşın üçün nəzərdə tutulub.
Bunlardan əlavə, şəhərdə daha bir yeni müəssisə - Buz zavodu tikilir. O, vaxtından tez - artıq 1966-cı ilin sonunda istifadəyə veriləcək. Nəhayət, şəhərdə stadion tikilərək istismara verilib. O, şəhər kənarında, daha əvvəl basketbol və voleybol meydançalarının, habelə üzgücülük hovuzunun quraşdırıldığı ərazidə tikilib. Maraqlı cəhət ondadır ki, bütün idman kompleksinin tikintisi əsasən ictimai əsaslarla həyata keçirilib. Bununla da büdcədən on minlərlə manata qənaət olunub.
1975-ci ilin 5 sentyabrda qəzetdə Dövlət qoruqları və ovçuluq təsərrüfatı idarəsinin mütəxəssisi Y.Məcidovun “Ehtiyatlı olun: ceyranlar!” məqaləsi yer alıb. İndi oxuduğumuzda təəccüblü görünür, ancaq faktdır ki, o vaxtlarda ölkədə ceyranların sayı durmadan artırdı və onlar artıq şosselərə çıxaraq bəzən maşınlarla toqquşmada məhv olurdular. Müəllif yazısını bu cümlələrlə başlayır: “Dövlət təbiəti mühafizə Komitəsinin ünvanına Şirvan qoruğundan bu yaxınlarda belə bir teleqram daxil olub: “Bakı-Salyan şossesinin 97-ci kilometrində ceyranı avtomobil vurub”. Qəza təsadüfi idi, ceyranın ölməyinə yalnız təəssüflənmək olar. Ancaq gəlin xatırlayaq: cəmisi bir neçə il əvvəl antilopları yalnız vertolyotun köməyi ilə axtarıb tapmaq olurdu, indi isə onlar magistral yolların kənarlarında otlayırlar. Bu cür səhnələr yoldan keçənlərin marağına səbəb olur. Baxırsan ki, maşın dayanır, içindən böyüklər də, uşaqlar da enir və bir-birinə vəhşi heyvanların sürüsünü göstərir...”
Müəllif ceyranların artım tempindən bəhs edir: “Şirvan qoruğunun direktoru B.Ağalarovun sözlərinə görə, ötən il qoruqda 1800 ceyran var idi, bu il isə həmin rəqəm 3000-ə yüksəlib”.
Y.Məcidov ceyranların avtomobillərlə toqquşmasının qarşısını almaqda yardımçı olmaq üçün Dövlət Avtomobil Müfəttişliyinin (DAM) yardımını təklif edir. Onun sözlərinə görə, Bakı-Salyan yolunun müvafiq kəsiyində sürəti məhdudlaşdırmaq məqsədilə xüsusi işarələrin qoyulmasına və həmin işarələrin üzərinə “Ehtiyatlı olun: ceyran!” sözlərinin yazılmasına ehtiyac var.
1983-cü ilin 7 sentyabrında qəzet Puşkin (indiki Biləsuvar) rayonunda pambıq yığımının vəziyyətindən yazı dərc edir. Yazının müəllifi olan rayonun “Türkmənistan” kolxozunun sədri B.Təhməzov həmin il dövlətə 3 min ton pambıq satacaqlarını yazaraq bu miqdarın 80 faizinin kombaynlar vasitəsilə toplanacağını qeyd edir. O, 6-cı briqadada çalışan iki kombaynçı qardaşın - Füzuli və Ərgüşad Bayramovların işini xüsusi olaraq tərifləyir. Qardaşlar hər gün 7-9 ton “ağ qızıl” təhvil verirlər və tezliklə bu rəqəmi gündəlik 10-12 tona çatdırmaq niyyətindədirlər.
İndi tamamilə başqa dövrlərdir və düzü, Bayramov qardaşlarının sonrakı taleyinin necə formalaşdığını öyrənməyə çox böyük marağım var. Görən, quruluş da, kolxozlar da dağılandan sonra onlar nə ilə məşğul olurdular?!.
Məmməd Süleymanov