18 Sentyabr 2016 11:47
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qabağa get! Səninlə deyiləm?! Klyonkanı sal başına, dur orada! Fotolar çəkiləndə çıxardarsan. Yoxsa döndəribsiz buranı "klyonka" mitinqi"nə".

Qarşısında duran şəxsi itələyən "təşkilatçı"lardan biri sinirlənmişdi.

... Milli Şura bu gün Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda mitinq keçirdi.

Mitinq sentyabrın 11-də Milli Şura və AXCP-nin elə həmin stadionda keçirdiyi toplantı kimi, radikal müxalifətin növbəti məğlubiyyəti, hər hansı potensialdan xali olduğunu aşkar şəkildə göstərdi.

Tribunaya toplaşanlar az deyildi və onların hər biri məhz onun daha uğurlu natiq, ritorika sahibi, müxalifətin daha məşhur mənsubu olduğunu göstərməyə çalışdı.

AXCP lideri Əli Kərimli ölkədə dinlə pərdələnən ekstremistləri və qatı islamçıları himayə etməyə can atması, onlarla ittifaq qurması barədə yazdıqlarımızı, dediklərimizi qətiyyətlə təkzib etməyə çalışırdı.

O, islamçılarla AXCP arasında ciddi tərəfdaşlıq və əməkdaşlığın olmadığını israrla deyir, Facebook-dakı statusları vasitəsilə tərəfdarları ilə yanaşı, opponentlərinə çatdırmağa can atırdı.

Fəqət, elə onun öz tərəfdarları ilə "Məhsul"a toplaşanlar Əli Kərimlinin yalanlarını faş etdilər.

"Məhsul"dakı mitinq iştirakçılarının sayına gəldikdə isə, ən "nikbin" hesablamalar stadiona toplaşanlarının sayının 850 nəfərdən çox olmadığını göstərdi.

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən açıqlamada da bu rəqəm təsdiqləndi: "Milli Şuranın mitinqinə bu strukturun 800 üzvü və təəssübkeşi qatılıb".

Halbuki Əli Kərimli son dörd gündə Facebook-dakı səhifəsində yazdığı statuslarda, verdiyi müsahibələrdə "Mitinqə on minlərlə insan qatılacaq" fikrini xüsusi vəcdlə təkrarlayırdı.

... "Əziz qardaşlar! Bu gün Qazaxdan gəlmiş bir qardaşımız dedi ki, 11 sentyabr mitinqində... eee.. mitinqdə iştirak etdiyinə görə Qazaxdakı İmam Zaman məscidinin günbəzi sökülüb, sonra da icra başçısı məsciddə nə vardısa, aparıb evinə".

Bu bəlağətli, "gurultulu" açıqlama-etiraf Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda səsləndi: Azad Qarabağ Uğrunda Müqavimət Hərəkatının sədri hacı Rövşən Əhmədlinin çıxışından, sadəcə, kiçik iqtibasdır.

Hacı Rövşənin uzun-uzadı nitqindəki bu kiçik iqtibasda çoxlu absurd elementləri var. Əvvəla, Qazax rayonunda "İmam Zaman" adlı məscid yoxdur və heç zaman da olmayıb.

Fərz edək ki, var belə məscid. Varsa belə, həmin məscidin "günbəzinin mitinqə görə sökülməsi", sonra da "icra başçısının nə varsa, evinə aparması" təki marazmın nə anlam verdiyini, görəsən, "Məhsul"un tribunasında durmuş Cəmil Həsənli, Gözəl Bayramlı və hacı Rövşən Əhmədli izah edə bilərlərmi?!

Çətin.

Necə ki, meydanda səslənən "Ya Əli, Ya Hüseyn!", "Allahu Əkbər!", "Dində təqvadır, ürəkdə davadır!" şüarları da yəqin Qərb demokratiyasının təməl prinsipləri, ABŞ və Avropa Birliyinin fəaliyyət istimaqətlərini bəlirləyən kəlmələr sayılmaz əsla.

Hazırda məhkəmə prosesi gedən Taleh Bağırzadənin mitinq iştirakçılarına müraciəti oxunanda isə "Məhsul", sanki, illər əvvəl Nardarandakı İmam Hüseyn meydanına çevrilmişdi, çünki "Azadlıq!", "İstefa!" bağırtılarını "Allahu Əkbər!", "Təkbir!" qışqırtıları üstələmişdi.

Tribunada durmuş Milli Şura lideri Cəmil Həsənli, AXCP lideri Əli Kərimli və AXCP sədrinin müavini Gözəl Bayramlı isə radikal müxalifətin bu gün, gerçəkdən də, tam uğursuzluğunu nümayiş etdirməsinin fərqinə varsalar da, Azərbaycandakı vəziyyətin destabilizasiyasına yönəlmiş planların tərkib hissəsi olan tapşırığı, aldıqları göstərişi yerinə yetirdiklərindən baş verənləri sakit izləyirdilər.

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bu mitinqlərin təşkili ilə bağlı AXCP ilə Milli Şuraya 130 min dolların ödənməsi barədə iddiaların da təsdiqi elə bu gün keçirilən mitinq ola bilər.

"Bir saatdan sonra mitinq qurtaracaq və oradakı camaat getdikləri üçün peşmançılıq çəkəcəklər. Üzlərindəki ifadələrdən görünür", - Azər Quliyev "Azadlıq Radiosu"nun Facebook-dakı səhifəsində yazıb.

Ümumiyyətlə, "Azadlıq Radiosu" və "Meydan TV" həmişə olduğu kimi, bu dəfə də psevdomitinqi, "etiraz" görüntüsünü az qala milyonların qatıldığı aksiya kimi qələmə verməyə çalışsalar da, alınmayıb. Haradan, kimlər tərəfindən və nə üçün maliyyələşdirildikləri bəlli bu resursların Facebook səhifələrində "Məhsul"dakı bugünkü mitinqdən "Canlı yayım" şousu sosial şəbəkə istifadəçilərinin radikal müxalifətə ünvanlanmış çox sərt tənqidlərinin kvintesensiyasına, Əli Kərimli və Cəmil Həsənli şapitosunun ifşasına döndü.

Deyəsən, AXCP-dən olan təşkilatçıların "klyonka mitinqi" adlandırdıqları bu toplantı da Əli Kərimlinin ümidlərini doğrultmadı, Cəmil Həsənlini isə qüssələndirdi.

Mitinqdə onun "yekun çıxışı"ndakı səs tembrini dinləmək yetərli idi.

... Yağışda islanmamaq üçün başlarına mitinq təşkilatçılarının "klyonka" adlandırdıqları polietlien paket taxmış şəxslərdən biri isə dedi: "Buna görə vaxtımı itirdim. Üst-başım su, ayaqqabılar palçıq. Kim siləcək onları, Əli Kərimli?! Ar olsun..."

Milli.Az


Müəllif:

Oxşar xəbərlər