Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avstriyanın federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurz ilə görüşüb.
XIN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Avstriya arasında siyasi dialoqun intensiv xarakter daşıdığı və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirilib.
S.Kurz Azərbaycan hökuməti tərəfindən yaradılan biznes mühitini təqdir etdiklərini və Avstriya şirkətlərinin ölkəmizə sərmayə yatırtmaqda maraqlı olduğunu diqqətə çatdırıb. O, Avstriya Hava Yollarının Bakıya uçuşları bərpa etmək niyyətində olduğunu da qeyd edib.
E.Məmmədyarov ölkəmizin Avstriya ilə iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduğu, bu xüsusda Avstriya sərmayəsinin ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib.
ATƏT-ə növbəti sədrlik edəcək ölkə kimi Avstriyanın mövcud münaqişələrin həllinə səylər göstərəcəyini bildirən S.Kurz, bu statusda Azərbaycana səfər etmək, ikitərəfli və çoxtərəfli formatda müxtəlif məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.
Səxavət