28 Sentyabr 2016 15:33
2 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sorğu keçirib: Azərbaycanda feysbukun ümumi mənzərəsi necədir? Cəmiyyət bu virtual məkanda əsasən nəyi müzakirə edir, nə paylaşır, onlar üçün maraqlı olan nədir?

Filosof Müşfiq Ötgün: Əslində, feysbukun mənzərəsi televiziya kanallarında təqdim olunan Azərbaycandan daha rəngli və daha maraqlıdır. Şəxsən mən 4 ildən çoxdur televizora baxmıram, ölkənin və dünyanın xəbərlərini feysbukdan oxuyuram. Burdan bütün Azərbaycanın mənzərəsini öyrənmək olur. Daha çox danışan və daha çox yazan millət olmağa başlayırıq. Mən buna müsbət baxıram. Cəmiyyət burda maraqlarına görə fraksiyalara bölünüb, öz mövzularını müzakirə edir.

Sosial şəbəkəyə daxil olanların içində ən geniş auditoriya partnyor axtaranlardır. Sonra əyləncə, şou biznes xəbərlərini izləyənlər gəlir ( Kim Kardaşyan daha nə etdi? Ancelina Coli boşandımı?). Sonra isə dini təbliğatla məşğul olanlar gəlir. Onlarla mübarizə aparan mobil ateistlər qrupu da var. Və nəhayət, siyasət. Orta qrupu təşkil edir. Bəzən isə (Türkiyədə çevriliş günlərində olduğu kimi) bütünlüklə gündəmi zəbt edə bilirlər. Bundan başqa, biznes maraqlarını güdən istifadəçilər də az deyil. Öz məhsullarını və xidmətlərini reklam edirlər.

Bura niyə maraqlıdır? Çünki burda senzura yoxdur. Burda insanlar olduqları kimi görünürlər, əslində. Çox gizlətmək olmur özünü. Sosioloji və kulturoloji baxımdan çox maraqlı materiallar götürmək olur burdan.

Yaxşı, pis nədir burda? Pis heç nə görmürəm. Bura yalnız ünsiyyət imkanıdır. İmkan öz-özlüyündə əxlaqi dəyərləndirməyə məruz qala bilməz. Axmaq adamlar olur - öz axmaqlıqlarından xəbərsiz. Elə adamlarla rast gələ bilərsən ki, aqressiya, şantajla üzləşərsən. Bunun üçün ehtiyatlı olmaq lazımdır. İnsanın davranışından narahatsansa, dərhal blok edə bilərsən. Burda da həyatdakı kimi hər kəs öz dünyasını formalaşdıra bilir. Ətrafına öz aurasına yaxın insanları toplayır.

101 FM-də aparıcı Əzizə İsmayılova: Azərbaycanda feysbuk mənzərəsi belədir: Kim nəyi görmək istəsə, onu da görə bilir. Kənardan izləyəndə də, lap elə işin içində olanda da təbii ki görmək istədiyimizi görürük. Bunu söz oyunu kimi demirəm. Feysbuk sosial dünyadı və orda hər kəs öz ətrafını özü formalaşdırır, özünə maraqlı olan kontingentin əhatəsində olur, yaxud da ətrafında özünə maraqlı olan simaların olmasını istəyir. Burda müxtəlif faktorlar ola bilər. Kiminsə sənəti, kiminsə paylaşımları, kiminsə şəkilləri, kiminsə bu və ya digər məsələyə münasibəti onun barədə fikir formalaşdırar. Kimdən xoşun gəlmirsə, blok etmək kimi unikal bir imkanın var.

Cəmiyyətimiz nəyi müzakirə edir sualı bir az qəliz sualdı, əslində. Mənə görə, cəmiyyətə nə diqtə olunsa elə onu da müzakirə edir. Yəni çox az adam hər hansı bir məsələnin dərininə, kökünə gedib əsaslı, yaxud əsassız olduğunu öyrənir. Əksəriyyət buna lüzum görmür, hətta jurnalistlər belə. Sanki “Hamı dedi, mən də nəsə deyim” prinsipi ilə işləyirlər. Paylaşımlar hər kəsin öz dünya baxışına, ətrafındakı auditoriyaya və zövqünə hesablanır deyərdim. Mənim baxış bucağımda, sosial dünyada yaxşı olan çox şey var. İnsanların fikirlərini, həyata baxışlarını kənardan görə bilirsən, ölçə bilirsən, hər hansı bir məsələ ətrafında istənilən qədər fikirlə rastlaşa bilirsən. Bu da təbii ki, bir çox hallarda müşahidə qabiliyyətini gücləndirir.

Daha çox xəbər, daha çox informasiya alırsan. Heç bir yerdə rast gələ bilməyəcəyimiz fikirləri oxuyuruq, bilirik, tanınmayan insanları tanıyırıq - bir sözlə, real həyat kimi bir aləmdi sosial aləm. Kiminə ağ, kiminə qara, kiminə rəngli. Soaial aləmin də öz yazılan və yazılmayan qanunları var.

Pis gördüyüm şey isə, əksər hallarda insanların küyə getməsi və istənilən məsələnin kütləviləşib, spam həddinə çatması və kimlərinsə bundan özü üçün yararlanmasıdır.

Yazıçı-publisist Murad Köhnəqala: Bizim feysbukda, əsasən, xəbər saytları fəallıq göstərir. Hiss olunur ki, dəhşət saçan xəbərlər daha çox maraq doğurur. Hətta bəzən oxucular zarafata salıb belə şeylər yazırlar: “Noooldu, intihar eləyən, arvadını baltalayan yoxdu ta?” Sonra yanıqizm cərəyanının savadsız və xurafatla silahlanmış nümayəndələri çoxdu. Yazılan statuslardan savadsızlığın baş alıb getdiyi hiss olunur. Vəziyət o həddə çatıb ki, normal cümlə yazan istifadəçi görəndə sevinirəm.

Savadsız dindarların bilərəkdən və bilməyərəkdən geridəqalmış ölkələrə qibtə etməsini gələcəyimiz üçün qorxulu sayıram. Polemikaya hazır olmayanların yersiz-əsassız dirənməsi, qanacaqsızlığı adamı narahat edir. Qadına eynən mədəniyyətsiz ərəb münasibəti göstərmək, əli çatmadığı mini yubkaya qarşı aqressiv olmaq heç də yaxşı şeylərdən xəbər gətirmir. Çoxdu ee, çox. Bir də gənc yazarlara tövsiyə edərdim ki, özləri haqda yazanda gopun dozasını normadan yuxarı eləməsinlər.

Teleaparıcı Nəsimi Nəbizadə: 9 iqlimi olan ölkənin mənzərəsi kimi – rəngarəng! Ciddi və maraqlı mövzularda paylaşımlar və o paylaşımlarda müzakirələrə qoşulan xeyli dostum var. Müxtəlif mövzularda - ədəbiyyat, idman, siyasət, iqtisadi sahələrdə fikirlərini yazırlar. Belə mövzuları izləyəndə bilmədiyini öyrənmək imkanın da olur. Bir də var “öz balaca dünyası” olanlar... Mənim dostluq siyahımda belələri çox azdır, amma siyahımı təmizləmək üçün xüsusi vaxt da ayırmıram. Hər gün dostluğumdakı şəxslərin doğum günü tarixləri qeyd olunur. Təbriklərlə yanaşı, təbrikqarışıq iqnorlar da olur.

Kreativlərin, sarkazm, yumor hissi yaxşı olanların dostluğumdadaha çox olmasına çalışıram. Özüm zarafatı sevən adam olduğum üçün belələrinin istənilən mövzuya fərqli yanaşmasını təqdir edirəm.

Yazar Cəlil Cavanşir: Baxır dostluğunuzda kimlər var. Məsələn, mən intellektual, savadlı gəncləri dostluğuma qəbul edirəm. Bəzən gözəlliyinə aldanıb dostluq təklifini qəbul etdiyim xanımlar da olur. Mənim üçün mənzərə ürəkaçandır. Ümumi mənzərə isə təbii ki, çox qarışıqdır və ürəkaçan deyil. “Mətbəx xalalar”, “qocalığında yorğalıq edən şairlər”, intellektual görünmək üçün gecə-gündüz aforizm paylaşan gənclər, ailə məişət müzakirələri aparan qadınlar lap biabırçıdır. Şəxsən mən sosial şəbəkələrdə boş vaxtlarımda paylaşımlar edirəm, xüsusilə dostlarımla əlaqə saxlamaq üçün çox işimə yarayır. Cəmiyyətimiz isə hələ tam olaraq feysbuka və digər sosial şəbəkələrə hazır deyil.

Dostlarımla, oxucularımla ünsiyyət qura bildiyim üçün feysbuku müsbət qiymətləndirirəm. Amma cəmiyyətdəki cəhalətin bura da daşınması məni yaxşı hal deyil. Radikal dindarların aqressiv səhifələri məni çox narahat edir. Ən pisi isə insanların sosial həyatı getdikcə ciddi qəbul edib, həyat tərzinə çevirməsi, real ünsiyyətdən uzaqlaşmasıdır.

Psixoloq Orxan Fərəcli: Məncə, bu, ölkədən-ölkəyə, mədəni-intellektual səviyyəyə görə deyişir. Müqayisə etsək, yaxın şərq ölkələri ilə öz aramızda kəskin fərq görmərik. Onlarda da siyasi, elmi, mədəni müzakirələr azdır. Bu fonda dini müzakirələrin çox olması diqqət çəkir. Türkiyədə sosial şəbəkələrdə siyasət və idman daha çox gündəm olur. Bizim cəmiyyət insanların özəl həyatı, kriminal avtoritetlərin fəaliyyəti ilə maraqlanır. Gündəmdən asılı olaraq cəbhə xəbərlərinin də oxunma sayı kəskin arta bilər.

Sevinc Fədai


Müəllif:

Oxşar xəbərlər