“Hansısa həmvətənim Nobel mükafatı alsa, dünyanın ən xoşbəxt adamı mən olaram”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Demokrat Partiyasının sədr Sərdar Cəlaloğlunun müəllifi olduğu “Kosmik hadisələr haqqında nəzəriyyə”nin Nobel Komitəsində səsverməyə çıxarılmasına münasibət bildirərkən deyib.
Ç.Abdullayev Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin Nobel sülh mükafatına namizəd olmasına da toxunub: “Allahşükür Paşazadənin sülh mükafatı alması üçün şansının olub-olmadığını bilmirəm, amma alsa, çox sevinərəm. Mən azərbaycanlıyam, millətçilərdən xoşum gəlmir, amma bir azərbaycanlı nəinki Nobel, başqa mükafatları da alanda çox şad oluram. Fərqi yoxdur, fizika, kimya, yoxsa ədəbiyyat sahəsi üzrə hansısa azərbaycanlı mükafat alsa, sevinəcəyəm”.
O, ədəbiyyat üzrə Nobel mükafatına layiq olan azərbaycanlı yazıçıların da adını çəkib. Ç.Abdullayev hesab edir ki, Azərbaycan yazıçıları arasında Nobel mükafatını almağa potensialı olan yazıçılar var: “Bizdə 2-3 şəxsiyyət var ki, onlar tam layiqdir. Kamal Abdulla, Elçin, Rüstəm İbrahimbəyov, Anar Nobelə layiqdir. Bizim Nobel səviyyəli yazıçılarımız var”.
Nərgiz