Azərbaycanda özəl uşaq bağçalarına ödənilən vəsaitin maksimum həddinin müəyyənləşdirilməsi təklif olunur.
Bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli çıxış edib. O, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşa təqdim olunan “Məktəbə qədər təhsil haqqında” qanuna bu məsələnin salınmasını istəyib.
Komitə sədri maksimum ödəniş həddinin 500 manat olmasını təklif edib.
Teleqraf.com Bakıda fəaliyyət göstərən bir neçə özəl bağçanın ödəniş qiymətləri ilə maraqlanıb.
“Baby plaza” uşaq bağçasında aylıq qiymət 650 manatdır. Servis bu qiymətə daxil deyil. Bağçadan bildirildi ki, servisin olmamasına səbəb valideynlər arasında razılığın əldə edilməməsidir.
Qeyd edək ki, servis deyiləndə balacaların bağçaya aparılıb-gətirilməsi xidməti nəzərdə tutulur.
“Dəniz” uşaq bağçası”da qiymət 400 manatdır. Ödənişə servis daxil deyil.
“Free baby” uşaq bağçasında aylıq ödəniş 350 manatdır: “Servis xidmətimiz var, amma qiymət aylıq ödənişə daxil deyil. Məsafədən aşlı olaraq servisə pul ödənməlidir”.
“Çiyələk” uşaq bağçasından dedilər ki, qiymətlər yalnız bağçaya gələn valideynə söylənilir: “Siz gəlin bağçaya, mən sizi və uşağı görüm, qiyməti sonra danışarıq”.
“Playorena” uşaq bağçasında aylıq ödəniş 400 manatdır. Bağçaya 1 yaş yarımlıq uşaqlar qəbul olunur. Bağçanın servisi var, amma onun üçün əlavə pul ödənilir: “Məsələn, bağça ilə yaşayış evinin arası yaxındırsa, servis üçün 60 manat pul ödəməli olursunuz”.
“Magic Land” uşaq bağçasından da bildirildi ki, qiymət barədə məlumat yalnız bağçada verilir: “Uşaqlar 3 yaşdan bağçaya qəbul olunur. Azərbaycan, rus və ingilis dilli qruplarımız var. Valideyn hansı qrup istəsə, onu seçə bilər”.
“Nord” uşaq bağçasında qiymət 180 manatdır.
“Kindergarten Bakı” uşaq bağçasında şərtlər və qiymətlər fərqlidir: “Bizim bağçada yalnız rus və ingilis dilində qruplar olur. Qiymətlər ingilis dili üzrə səhər saat 9-dan 18:00-a kimi 650 manat, yarım gün üçün 400 manat, rus dili üzrə səhər saat 9-dan 18:00-a kimi 550 manat, yarım gün üzrə isə 350 manatdır”.
Bağçada servis yoxdur.
“Mickeys House” uşaq bağçasında aylıq ödəniş 500 manatdır: “Əgər valideyn iki uşağını bizim bağçaya qoyursa, endirim də edilir”.
“Leylək” uşaq bağçasında qiymət 400 manatdan başlayır: “Servis haqqı uzaq məsafələr üçün deyil. Yaxın məsafəyə isə 60-70 manat arası təşkil edir”.
“Cücələrim” uşaq bağçasında qiymət 300 manatdır. Servis yoxdur.
Dövlət Statistika Komitəsinin 2014-cu ildə verdiyi məlumata görə, Azərbaycanda 1680 məktəbəqədər təhsil müəssisələri (bağça) var. Bunlardan 385-i Bakı şəhərinin payına düşür: “Məktəbəqədər təhsil müəssisələrinin 1639-u dövlət, 41-i qeyri-dövlət təhsil müəssisəsidir. Özəl bağçalar əsasən Nərimanov rayonu ərazisində yerləşir. Rayonərazisində 11 özəl bağça var. Binəqədidə 4 , Xəzərdə 1, Səbaildə 4, Sabunçuda 4, Nəsimidə 5, Nizamidə 2, Yasamalda 8 özəl bağça var”.
Bakı şəhəri üzrə Qaradağ, Pirallahı, Suraxanı, Xətai rayonu ərazisində özəl bağça yoxdur.
Təhsil Nazirliyindən bildirilib ki, 2014-2015-ci tədris ilində 17 məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilib.
Qəribdəir ki, özəl uşaq bağçalarının əksəriyyətinin adı azərbaycanca deyil...
İlhamə ƏBÜLFƏT