Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır.
İdarədən Teleqraf.com-a verilən məlumata görə, bu məqsədlə il ərzində həyata keçiriləcək 25 yeni layihəni əhatə edən 8 fəaliyyət istiqaməti müəyyənləşdirilib.
“Səmərəli Məktəb Yaradaq” fəaliyyət istiqaməti çərçivəsində “Məktəb Seminarları”, “75 Məktəb”, “Məktəb Psixoloqları Klubu”, “Məktəbin Elektron Pasportu”, “Məktəb İnspeksiyaları”, “Məktəb İdarəetməsinin Dəstəklənməsi”, “Məktəbə Dəstək” layihələri həyata keçiriləcək. Yeni layihələrin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərləri təbliğ etməkdən ibarətdir.
“Təfəkkürün İnkişafı” fəaliyyət istiqaməti üzrə şagirdlərdə məntiqi, yaradıcı və tənqidi düşüncənin formalaşdırılıb inkişaf etdirilməsi məqsədini daşıyan “Lütfi Zadə adına II Məntiq Olimpiadası”, “Öz Əsərini Yarat”, “Məktəblinin Təhsil Müzakirələri” layihələrinin reallaşdırılması nəzərdə tutulur.
Oxu və yazı bacarıqlarının, analitik düşüncənin inkişafına yönəlmiş “Mütaliə və Yazı Bacarıqlarının İnkişafı” fəaliyyət istiqaməti üzrə “Oxu Marafonu”, “Qlobal Yazı”, “Kitabxana Dərsləri” layihələri reallaşdırılacaq.
“İKT və Müasirlik” fəaliyyət istiqamətinə daxil olan “İnformatika Layihə Olimpiadası” və “Birinci Sinifdən Proqramlaşdırmanın Tədrisi” layihələri isə şagirdlərdə İKT üzrə savadlılığın artırılması məqsədini daşıyır.
Şagirdlərdə xarici dillərə marağın oyadılması, xarici dil səviyyəsinin təkmilləşdirilməsi məqsədlərinə xidmət edən “Xarici Dillər” fəaliyyət istiqaməti üzrə “İngilis dili Olimpiadası” və “Dövlət Məktəblərində İngilis dilində Danışıq Qabiliyyətinin İnkişaf Etdirilməsi” layihələrinin, həmçinin bir sıra digər tədbirlərin reallaşdırılması planlaşdırılıb.
Şagirdlərdə təbiətə sevgi, ətraf mühitin qorunması amalını aşılayan “Ekoloji Sərgi” və digər bir sıra layihələri birləşdirən “Ekologiya və Sağlamlıq” fəaliyyət istiqaməti çərçivəsində “Yaşıl Məktəb” ideyasını təbliğ edən müvafiq tədbirlər həyata keçiriləcək.
“Qlobal Vətəndaşlıq” fəaliyyət istiqaməti şagirdlərə yerli cəmiyyətdə və qlobal sferada vətəndaşlıq mövqeyi aşılayan silsilə layihələri ehtiva edir.
Qabaqcıl təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılması və bu çərçivədə uğur əldə etmək məqsədi ilə “Beynəlxalq Əməkdaşlıq” fəaliyyət istiqaməti müəyyən olunub. Bu istiqamət çərçivəsində “YUNESKO Assosiativ Məktəblər” proqramı şəbəkəsinin genişləndirilməsi, “Beynəlxalq Məktəb” və şagirdlərin beynəlxalq olimpiadalarda iştirakını dəstəkləyən bir sıra digər layihələrin icrası nəzərdə tutulub.